26.05.2021-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti Beynəlxalq münasibətlər kafedrasının və Azərbaycan Milli Elmlər Akademiyasının Elm tarixi institutunun təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş “Mövcud beynəlxalq şəraitdə Azərbaycan Respublikasının xarici siyasəti" adlı onlayn müzakirə keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Beynəlxalq münasibətlər kafedrasının professor-müəllim heyəti, AMEA-nın Elm tarixi institutunun əməkdaşları və Sosial menecment fakültəsinin “beynəlxalq münasibətlər” ixtisasında təhsil alan tələbələri iştirak edib.

Tədbirin açılışını Beynəlxalq münasibətlər kafedrasının müdiri dos. Cənnətxan Eyvazov etdi. O, Azərbaycanın mövcud beynəlxalq şəraitdə xarici siyasətinin əsas istiqamətlərindən söz açdı. AMEA-nın Elm tarixi institutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə beynəlxalq vəziyyət və dövlətimizin həmən dönəmdə formalaşan xarici siyasəti ilə bağlı çıxış etdilər. Daha sonra kafedranın dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Azərbaycanın müasir xarici siyasətindən danışdı. O, məruzəsində 44-günlük Vətən müharibəsindən sonra yaranmış beynəlxalq şərait, Azərbaycanın mövcud xarici siyasət gündəmi və onun reallaşdırılması imkanlarından söz açdı. Tədbirin yekununda mövzu ilə əlaqədar tələbələrin sualları cavablandırıldı.