“Bir halda ki jurnalistlər icazə verilən ərazidə hərəkət edərkən minaya düşüblər, deməli burada minanın quraşdırılması diversiya və terror aktıdır. Ermənilərin mina xəritələrini verməkdən imtina etməsi biabırçılıqdır. Bu, Azərbaycanın əsas tələblərindən biri olmalıdır”.

Unikal.org xəbər verir ki, bu barədə report-a rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.

Ekspertin fikrincə, Qarabağda minalar nizamsız şəkildə quraşdırılıb: “Azərbaycanın şəhər və kəndlərində ermənilərin özlərini necə apardıqlarına, Xirosima kimi yerlə bir edilmiş Ağdamın peyzajına, bir vaxtlar işğal altında olmuş ərazilərdəki xaosa nəzər yetirdikdə bu, aydın görünür”.

“Azərbaycan hərbi cinayətlərin nəticələrinin əks olunduğu beynəlxalq "Ağ kitab" hazırlamalıdır. Məsələn, nasistlərin cinayətlərinin, İraq müharibəsinin nəticələrinin əks olunduğu "Ağ kitab"lar var. Hesab edirəm ki, Qarabağın işğalının nəticələri ilə bağlı da belə bir "Ağ kitab" hazırlanmalıdır”, - deyə Şevçenko təklif edib.

O həmçinin, Kəlbəcərdə həlak olan KİV nümayəndələrinin qohumlarına və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.