Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri həbsdə olan tanınmış jurnalist, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri işləmiş Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə və Baş Prokurorluğa müraciət ünvanlayıblar.

Unikal.org xəbər verir ki, müraciəti İşçi Qrupun üzvləri-hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva və Əvəz Həsənov imzalayıblar.

Müraciətdə Niyaz Niftiyevin fəaliyyəti barədə məlumat verilib, onun dövlət qarşısında xidmətlərindən nümunələr göstərilib. Eyni zamanda, Niyaz Niftiyevin həbsinə səbəb olan, mübahisəli görünən məqamların ədalətli araşdırılacağına inam ehtiva olunub.

Hüquq müdafiəçiləri Niyaz Niftiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə, humanist qərarın qəbul edilməsinə dəstək göstərilməsini istəyiblər.