Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı rayon Gənclər və İdman idarəsi və Gənclər üçün İnkişaf və Karyera mərkəzinin Ağdaş filialı ilə birlikdə 15 iyun Milli Qurtuluş günü münasibətilə “Qurtuluşdan başlanan yol” adlı onlayn konfrans keçirildi.

Unikal.org xəbər verir ki, rayon təşkilatının fəal  gənclərinin qoşulduğu konfransı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov giriş sözü ilə açaraq 1993-cü ilə qədər ölkədə yaranmış olan acınacaqlı vəziyyətdən və 1993-cü ilin iyun ayında cərəyan edən hadisələrdən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkəyə qayıdışından, həmçinin  həmin tarixdən sonra baş verən müsbət dəyişikliklərdən danışdı. Müstəqil Azərbaycan dövlətinin 28 il ərzində keçdiyi yola nəzər salan millət vəkili inkişaf edərək beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan ölkəmizin inkişafının təməlində cənab prezident İlham Əliyevin müasir dövrün tələbləri çərçivəsində həyata keçirdiyi ulu öndər Heydər Əliyevin siyasi kursunun dayanmasını qeyd etdi.  

Konfransda YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Gənclər üçün İnkişaf və Karyera mərkəzinin Ağdaş filialının direktoru Tahir Umudov çıxış edərək xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun - Milli Qurtuluş günü ilə ölkəmizin həyatında yeni dövrün başlandığını, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsasının qoyulduğunu bildirdilər. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Qurtuluş bayramının ölkəmizin hər yerində dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə dərin hörmət və məhəbbət hissi ilə qeyd olunduğu vurğulandı. Qeyd olundu ki, xalqımız xoşbəxt xalqdır. Onun üçün xoşbəxt xalqdır ki, ulu öndər Heydər Əliyevin siyasi kursu cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin firavan gələcəyi üçün davamlı olaraq mühüm işlər görülür. 

Gənclərin qarşılıqlı diskussiyası şəraitində baş tutan konfransda pandemiya dövründə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər də vurğulanaraq bütün bunların cənab prezidentimiz İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğu  qeyd olundu.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən 15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən tədbirlər davam etdirilir.