"Müdafiə Nazirliyinin nümayəndələri mənə deyirdilər ki, onlarda minalanmış ərazilərin xəritəsi yoxdur. Çünki rayonlar kütləvi şəkildə 90-cı illərdə minalanıb deyə əldə dəqiq xəritə qalmayıb".

Unikal.org  xəbər verir ki, bu barədə erməni polkovnik Boris Avaqyan Azərbaycanın Ermənistandan mina xəritələrini almasına münasibət bildirərkən deyib. 

Onu sözlərinə  görə,  əgər bütün xəritələri təqdim etsəydilər, yalnız 15 nəfər deyil, digər "hərbi əsirlər" də İrəvana qayıtmış olardı.  Digər  tərəfdən Avaqyan hesab edir ki, Azərbaycanın Ağdamı tam bərpa etməsi üçün 15 il lazım gələcəkdi:

"Paşinyanın sayəsində nəinki bu vaxt azaldı, hətta İlham Əliyev burada milyonlarla dollara qənaət edə bildi. Əgər sizin əlinizdə dəqiq xəritə yoxdursa, təyin edilmiş müəyyən bir kiçik ərazini təmizləmək üçün azı 1000 dollar xərcləməlisiniz. Ağdamda 100 min belə xüsusi ərazi var. Buna görə 100 milyon dollarlıq qənaət qazandılar. Paşinyan bu dəyəri bütün əsirlərlə deyil, 15 nəfərlə dəyişdi”.

Qeyd edək ki,  iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.