15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq  14 iyun 2021-ci il tarixində şəhid ailələri və Rayon Ağsaqqallar Şurasının üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edilib.

Unikal.org xəbər verir ki, həmin gün Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə İcra hakimiyyətində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İcra Hakimiyyətinin əməkdaşları, Rayon Ağsaqqlar Şurasının sədri  - şəhid atası Arif Hümbətov, Birinci  Qarabağ və Vətən Müharibəsi şəhidlərinin ailələri iştirak ediblər. 

Tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilmişdir. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək bu günün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra Respublikamız düçar olduğu bəlalardan qurtulmuş, uğurlu gələcəyin təməli qoyulmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrdə parlaq uğurlara imza atdığı bildirilib. 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş “Vətən Müharibəsi Qəhrəmanı” - şəhid Azad Hümbətovun atası, Rayon Ağsaqqallar Şurasının sədri  Arif Hümbətov çıxış edərək  bildirdi ki, 1993-cü ilin iyununda Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın başı üstünü qara buludlar alanda, yenicə müstəqillik qazanmış bu ölkə əyalətlərə parçalanmaq, vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üzləşəndə, xaos, hərc-mərclik, separatçılıq  baş alıb gedəndə xalqın təkidi və tələbi ilə yenidən Respublikamızın rəhbərliyinə qayıtdı və xalqımızı layiq olduğu azadlığına qovuşdurdu. Ölkəmizin bugünkü firavanlığının və gələcəklə bağlı aydın görünən inkişafın Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə bağlı olduğunu qeyd edib. 

Çıxış edən digər natiqlər - Rayon Ağsaqqalllar Şurasının üzvü Kamil Babayev, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Səbuhi Sadıqovun atası Rövşən Sadıqov, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Kamran Hüseynovun atası Bəhman Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində Şanlı Ordumuzun tarixi zəfər qazanmasında Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının müstəsna rolunun danılmaz olduğu vurğulanmışdır. Şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib. 

Tədbirin sonunda Rayon Ağsaqqallar Şurasına yeni üzv olmuş şəhid ailələrinə vəsiqələr təqdim olunub. 

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Nərimanov rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun fəal gəncləri ilə video-formatda onlayn görüş keçirilmişdir. Çıxışlarda və edilən fikir mübadilələrində qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Həmçinin qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün ən dəyərli xidmətlərindən biri də xalqımızın xoş gələcəyinə qarant olan İlham Əliyev kimi siyasi xadimi və dövlət rəhbərini bəxş etməsidir. Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq olan Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Ümummilli Liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” deyərək qiymətləndirdiyi cənab İlham Əliyev bu gün atasının vəsiyyətini yerinə yetirmiş, xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirib. 

Eyni zamanda15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Nərimanov rayonunda yeni salınmış abad məhəllədə Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Xəlilovun xatirəsinə həsr olunmuş dama turniri təşkil edilmişdir. Yekunda turnirin qalibləri və iştirakçılar diplom və hədiyyələrlə təltif olunmuşlar. Milli Qurtuluş Günündə həm də döğum günü qeyd olunan şəhid Rövşən Xəlilovun anası Mürəstə Xəlilova  da tədbirdə iştirak etmiş, göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.