Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.

Unikal.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun”.

Türkiyə Prezidenti sözün davam edərək deyib: “Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”.