Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günü - İyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix səlnamə yazdılar.

Bu tarixi günə şahidlik etmək mənə də nəsib olduğu üçün fəxarət hissi keçirirəm. İşğaldan azad olunduqdan sonra ilk dəfə getdiyim ərazilərimizin vəhşicəsinə dağıdılması mənə çox pis təsir etsədə, müasir səviyyədə bərpa olunan və yeni quruculuq işləri Qarabağımızın gələcəkdə regionun böyük sosial, iqtisadi, turizm və mədəniyyət mərkəzi olacağına ümid verməsi məni qürurlandırıdı. Bu ümid və qürurla irəlilədiyimiz “Zəfər” yolunun sonunda mədəniyyət paytaxtımız Şuşanın Türkiyə və Azərbaycan bayrağına sarılması ən xoş görünüşlərdən biri oldu.

Türkiyə Prezidentinin Şuşaya səfəri məhz 15 iyun tarixində baş tutmasını bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır. Ulu Öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının ən bariz göstəricilərindən biridir. Cənab Prezident İlham Əliyev bu səfəri belə dəyərləndirir: “Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycanda bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur.” Bu görüşdə böyük öndərlər Mustafa kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” kəlamlarının da əksini tapdığı və tarixə əsaslanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin və keyfiyyətcə daha yüksək işbirliyinin rəsmi təminatıdır.

Strateji əhəmiyyət kəsb edən Bəyannamədə bir çox önəmli məsələlər - beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti öz əksini tapıb. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə o cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Ümumilikdə Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır.

Milli Məclisin Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov