"Ermənistan yenidən prezident respublikası və hamı üçün daha proqnozlaşdırılan ölkə olmaq üçün konstitusiyasını dəyişdirməlidir".

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Qətər İqtisadi Forumu zamanı videobağlantı ilə danışarkən bildirib.

“Əminəm ki, böyük potensialımız var, ilk növbədə də İT texnologiyaları sahəsində. Lakin bundan əvvəl konstitusiyamızı dəyişdirməli, prezident idarəçiliyini geri qaytarmalıyıq. Çünki mövcud konstitusiya ilə Ermənistan nə prezident, nə də parlament respublikasıdır. Belə alınıb ki, insanların əlində böyük hakimiyyət gücü var, ancaq məsuliyyət yoxdur”, - o deyib.

Xatırladaq ki, 2015-ci ildə konstitusiyaya düzəlişlərin qəbulundan sonra Ermənistan prezident idarəetmə üsulundan parlamentli idarəetmə formasına keçib.