Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib. Hərbi prokuror qeyd edib ki, müasir Azərbaycanın  memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir: "Eləcə də ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilmiş, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılmış, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin edib". 
Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. 
Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür. 
Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun kollektivinə öz dərin minnətdarlığını bildirdi. 
Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edildi,  Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparıldı və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlandı.