Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcək.


Müttəfiqlik haqqında Bəyannamə iki ölkə arasındakı əlaqələri yüksək zirvəyə qaldırır. Yəni, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. 
Bu Bəyannamənin 2021-ci il tarixində imzalanması da təsadüfi deyildir. Çünki, düz 100 il bundan əvvəl tarixi Qars müqaviləsi imzalanmışdır. Məhz 100 ildən sonra azad edilmiş Şuşa şəhərində Müttəfiqlik Bəyannaməsinin imzalanması böyük rəmzi məna daşıyır. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə birgə əməkdaşlığı, fəaliyyətləri, siyasi əlaqələri, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və bir çox önəmli məsələlər öz əksini tapır.

Şuşa Bəyannaməsində ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsi çox əhəmiyyətli hesab edilir. Bu layihənin həyata keçirilməsi ilə çox böyük əhəmiyyət kəsb edən Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır.

Həmçinin vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.

İmzalanmış bu tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.

İsmayıl İsmayılov

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının fəxri professoru