2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilib.

Unikal.org xəbər verir ki, akademiyanın “Bədən tərbiyəsi və idmanda reabilitasiya”  bakalavr ixtisasının tələbələri Gürşad Həbibli, Nabat İbrahimova, Leyla Ramazanova, Mehdi Əkbərzadə və “İdman menecmenti və kommunikasiya” ixtisası tələbəsi Milyanxanım Babazadə Nizami Gəncəvi yaradıcılığına müraciət edərək onun əsərlərindən ibarət qısa kompozisiya hazırlayıblar. Sirlər xəzinəsindən “Söz qoşmağın fəziləti haqqında” hissəsini sevərək ifa edən tələbələr bununla sözün hikmətini Nizaminin öz qələmindən gənclərə çatdırmaq istəyiblər. Eyni zamanda, sözün dəyərinə diqqət çəkiblər. Həmçinin Nizaminin sevgi qəzəllərindən birinə və sözlərinə yazılmış musiqiyə müraciət olunub.

Qeyd edək ki, Akademiyanın müxtəlif ixtisaslarda təhsil alan ədəbiyyata, incəsənətə marağı olan yaradıcı tələbələrinin iştiraki ilə mütəmadi olaraq şeir gecələri, musiqili tədbirlər və maraqlı layihələr hazırlanır. Bu kompozisiya ilə də Nizami Gəncəvi ilində tələbələrimiz ona sevgi və sayğısını çatdırmaq istəyiblər.