Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Unikal.org-a bildirilib ki, qonaqları səmimi salamlayan səudiyyəli nazir Bakıya səfərlərini və dövlət başçısı İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

C.Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasınln vacibliyini qeyd edib.

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.