ATMU-da Azərbaycan – Avstriya Turizm proqramı çərçivəsində növbəti məzun günü keçirilib. Məlum beynəlxalq proqram Azərbaycan Turizm və Menecment Universiteti və Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər universiteti arasında turizm ixtisası üzrə davam edən uzun müddətli təhsil proqramlarından biridir.

Unikal.org xəbər verir ki, adıkeçən proqram çərçivəsində müxtəlif illərdə həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə əməkdaşlıq müqavilələri imzalanıb. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə Dövlət Turizm Agentliyinin yaxından dəstəyi nəticəsində AATP proqram üzrə əməkdaşlıq müqaviləsinin yenidən imzalanması qərara alınıb. Beynəlxalq proqramın önəmli üstünlüklərindən biri də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019 – 2023 – cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramında”da öz əksini tapmasıdır. 

Mövcud pandemiya səbəbindən beynəlxalq təhsil proqramı çərçivəsində bu ilki məzun günü online formada təşkil olunub. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov tələbələri təbrik edib, məzun - tələbələrə uğurlu fəaliyyət illəri arzulayıb. Rektor pandemiya sonrası turizm sektorunun inkişafını səciyyələndirməklə bərabər, Covid 19 pandemiyası dövründə təhsil sahəsində mövcud olan problemlərdən də söz açıb. Daha sonra tərəfdaş universitetin nümayəndələri də təbrik – çıxışlarında 2020/2021-ci tədris ilinin məzun – tələbələrinə uğurlar arzuladılar. Qeyd edək ki, bu günədək ATMU tələbələrindən 260 nəfəri ikili diplom (Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), həm də Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin (TEU)) əldə etmək şansı qazanıb və buna nail olublar.