Gürcüstanda leysan yağışları nəticəsində çay məcrasından çıxıb.

Unikal.org Gürcüstanın yerli KİV-nə istinadən xəbər verir ki, çayın daşması nəticəsində Kutaisi-Çaqeri-Lentexi-Lasdili avtomobil yoluna zərər dəyib.

Məlumata əsasən, çayda suyun səviyyəsinin qalxması, həmçinin körpüyə də ziyan vurub. Bu səbədən də, yolun bu hissəsində istənilən növ avtomobil üçün hərəkətə qadağa qoyulub.

Leysan yağışları Gürcüstanın qərbində çaylarda suyun səviyyəsinin artmasına və torpaq sürüşmələrinə səbəb olub.

Güclü yağışlar Xamiskuri, Xeta və Pirveli-Maisi kəndlərinin sakinlərinə problemlər yaradıb. Belə ki, bu kəndlərdə həyətləri, küçələri və kənd təsərrüfatı ərazilərini su basıb.

Bildirilib ki, yağış çox güclü olduğundan drenaj kanalları suyu keçirə bilməyib. 

Bununla yanaşı, leysan yağışları səbəbindən Alpana-Çaqeri dövlət əhəmiyyətli avtomobil yolunun 7-ci kilometrində torpaq sürüşməsi baş verib.

Həmçinin, digər ərazilərdə də oxşar vəziyyətlər yaşanıb. Güclü yağış səbəbindən yolları su basıb, körpülərə ziyan dəyib və nəticədə avtomobillərin həmin yollardan istifadəsinə qadağa qoyulub.