“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım komandirləri, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

Zabitlər müxtəlif ixtisaslar, o cümlədən taktiki-xüsusi və rabitə hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə iştirak ediblər.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib. Sonda zabitlərin keçirilən dərslər üzrə nəzəri bilikləri və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Toplantıların yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və yeni tədris dövrünə hazırlıq üzrə göstərişlər verilib.