Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatında ilk medal günü başa çatıb.

Unikal.org xəbər verir ki. sərbəst güləşçilərin mübarizə apardığı həlledici görüşlərdə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınayıb.

Təəssüf ki, onlar ilk gündəki qələbə seriyasının ardını gətirə bilməyiblər. 3 güləşçimiz finalda uduzub. Digər 1 idmançımız isə bürünc medal görüşündə məğlubiyyətə üzülüb.

57 kq-da 3-cü yer uğrunda qarşılaşmaya çıxan Nurəddin Novruzov Assiljan Yessengeldiya (Qazaxıstan) 6:12 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib.

Zirəddin Bayramov (65 kq) final qarşılaşmasında Şamil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Rəqib 4:1 hesabı ilə qələbə qazandığından idmançımız ikinci yeri tutub.

70 kq çəkidə gücünü yoxlayan Cəbrayıl Hacıyev qızıl medal üçün İrfan Elahini (İran) sınağa çəkib. Görüş həmyerlimiz üçün uğursuz alınıb. Elahi 6:5 hesabı ilə qalib gəldiyindən Hacıyev gümüş medalla kifayətlənib.

Əşrəf Aşırovun (79 kq) finaldakı rəqibi İran güləşçisi olub. Məhəmməd Noxodilarimi (İran) ilə qarşılaşan təmsilçimiz də xalçadan məğlub ayrılıb – 5:7.

Beləliklə, güləşçilərimiz günü 3 gümüş medalla bitiriblər.

Qeyd edək ki, sabah keçiriləcək medal görüşlərində daha 4 güləşçimiz 3-cü yer uğrunda yarışacaq.