"Yenə futbolçuları təbrik etmək istəyirəm. Bəzi səbəblərə görə tam yaxşı oyun göstərməyə söz vermirdim. Sona yaxın rəqibi öz meydanımızda qəbul edirdik. Oyun ərzində isə biz topa nəzarət edirdik".

Unikal.org xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şotlandiya "Aberdin"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, rəqibin standart vəziyyətlərdə təhlükəli olmasından əvvəlcədən xəbardar idilər: "Rəqib uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdir. Cütün taleyi cavab görüşündə həll ediləcək. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etməliyik. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar".

Qurbanov görüş ərzində aqressiv olduğunu söyləyib: "Oyunda səbr çox vacibdir. Futbolçuları diqqətli olmağa çağırırdım".

Baş məşqçi meydanın durumuna da toxunub: "Meydan amili barədə nə isə demək çətindir. “Aberdin” fiziki cəhətdən güclüdür, uzun toplardan istifadə edir. Amma topla oynamağı da xoşlayırlar. Ot örtüyü hər iki komandaya maneə törətdi. Səfərdə də meydanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Meydana uyğun oyun qurmuşduq. Hər il bu vaxtlar ot örtüyü ilə əlaqədar problem olur. Cavab matçından sonra xeyli fasilə yaranacaq. Bundan sonra meydanın durumu yaxşılığa doğru getməlidir. Problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar".