Beynəlxalq Valyuta Fondunun (IMF) Rəhbərlər Şurası cari ilin avqust ayının 2-də Fonda üzv ölkələr arasında əlavə 456,5 mlrd həcmində Xüsusi Borclanma Hüquqlarının (XBH) yerləşdirilməsi barədə qərar qəbul edib.

Maliyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qərarın qəbul edilməsi dünya ölkələrinin üzləşdiyi COVID-19 böhranı və bir çoxunun maliyyə durumunun kəskin pisləşməsi, ilk növbədə valyuta ehtiyatlarının tükənməsi ilə əlaqədardır.

Xüsusi Borclanma Hüquqları Fondun üzv ölkələri arasında onların Fonddakı kvotalarına, yəni iştirak paylarına mütənasib şəkildə yerləşdirilir.

Azərbaycanın IMF-dəki 0,082 % və ya 391,7 mln XBH həcmindəki kvotası son qərarın qəbulu nəticəsində 96 %-ə yaxın artırılaraq 767,1 mln XBH-na çatdırılıb.

Xüsusi Borclanma Hüquqları IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir və üzv ölkələrin beynəlxalq aktivlərinin artırılması üçün nəzərdə tutulur və istənilən ölkə XBH-nı xarici valyutaya dəyişə bilər.

XBH-larının dəyəri 5 aparıcı dünya valyutasının – ABŞ dolları (41,8), Avro (30,9), Çin yuanı (10,9), Yapon yeni (8,3), və İngiltərə funt sterlinqinin (8,1) faizləri əsasında müəyyən edilir.

Tükənmiş valyuta ehtiyatlarının artırılmasına ehtiyacı olan hər bir üzv ölkə kvota üzrə Xüsusi Borclanma Hüquqlarını xarici valyutaya dəyişərək ölkəsinin mərkəzi bankının ehtiyatlarını artıra bilər.

IMF-in Rəhbərlər Şurasının 650 mlrd (456 mlrd XBH) ABŞ dolları ekvalentində olan XBH-larının yerləşdirilməsi barədə qərarı cari ilin 23 avqust tarixində qüvvəyə minib və elə həmin gün də Azərbaycan Respublikasının IMF-dəkı hesabına 375,4 mln XBH-ları həcmində vəsait daxil olub.