“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Aberdin”ə (Şotlandiya) qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Unikal.org xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox ağır oyun olacaq. Bu mərhələyə qədər də ağır yol qət etmişik. Komandamın bu oyuna da tam hazır olduğunu düşünürəm. Rəqibi də çox istəkli görürük. Sabah hər iki komandanın azarkeşlərinin ən azı sərgilənən oyundan zövq alacağına inanıram.

“Aberdin” haqda klub olaraq çox məlumatımız var. İlk oyundan sonra futbolçularının da nəyə qadir olduğunu öyrəndik. Çox istəkli bir komandaya, futbolçulara qarşı oynayacağıq. Həmişə belə rəqiblərlə oyunların komandam üçün faydalı olduğunu düşünmüşəm. Bu komandaya qarşı yaxşı mübarizə aparmalıyıq. Fiziki baxımdan güclü, atletik futbolçuları var. Rəqibin ayrı-ayrı futbolçularını fərqləndirməyi xoşlamıram. Komanda olaraq güclü rəqiblə üz-üzəyik. Bakıda da demişdim ki, “Aberdin”in özünəməxsus oyun üslubu, bacarıqlı baş məşqçisi var. Bütün bunları nəzərə alıb, biz də cavab matçına yaxşı hazırlaşmışıq.

Oyunun keçiriləcəyi arena da xoşuma gəldi. Ot örtüyündən əlavə, stadiondakı ab-hava da ürəyimcə oldu. Belə arenalarda oyunlar keçirmək zövq verir. Öncədən də dediyim ki, sabah azarkeşlərin hər iki komandanın oyunundan zövq alacağına inanıram”.