Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxış edib.

Unikal.org-un xəbərinə görə, AYB sədri deyib:

-Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Hörmətli tədbir iştirakçıları.

Unudulmaz Ulu Öndərin ucaltdığı və vandalların uçurduğu bu Vaqif məqbərəsi bu gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin bərpasına, cənab Prezident və Mehriban xanım, şəxsən bu tədbirdə iştirak etdiyinizə görə mən bütün Azərbaycan yazıçıları adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm. O zaman mənim 14 yaşım var idi. Şəhərdə bircə abidə var idi - Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın abidəsi. İndi bədnam adı tarixdə qalmış bu vilayətin erməni başçıları bu qədim Azərbaycan şəhərini erməni şəhərinə çevirmək istəyirdilər. Burada Azərbaycan abidələri yox idi. Qədimdən var idi, amma yenilər yox idi. Ulu Öndərin vaxtında burada muzeylər açıldı - Üzeyir Hacıbəylinin, Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlləri qoyuldu. Nəhayət, bu əzəmətli məqbərənin əsası qoyuldu və bu məqbərə açıldı. 1982-ci il yanvarın 14-də həmin o tədbirdə mən də iştirak edirdim.

Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları, heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı ilə birləşdirən, vəhdətdə təqdim edən, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə, Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının axırıncı illərində, faciəvi illərində o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.

Bu gün mənim ürəyim doludur, çox şey deyə bilərəm, amma dedilər ki, qısa danışmaq lazımdır, ona görə də mən qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız. Amma diplomatik qələbəni, təbliğat qələbəsini Siz təkbaşına qazandınız. Çünki Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı tanıtdı, Azərbaycan həqiqətlərini çatdırdı. Bu da çox böyük bir hadisə idi. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq. Bu torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin, qazilərin qanı, şəhid ailələrinin göz yaşları, Mehriban xanımın şəhid ailələri ilə görüşlərində axıtdığı göz yaşları ilə suvarılmış bu torpaqlar bizə ikiqat əzizdir, ikiqat doğmadır.

Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!

Təşəkkür edirəm.

X X X

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək dedi:

-Cənab Prezident.

Hörmətli Mehriban xanım.

Bir dəfə mən demişdim ki, cənab Prezident Siz mənim gözümün qabağında böyümüşünüz. Özünüz də dediniz, Siz burada idiniz, 20 yaşınız var idi, cənab Prezident. İndi burada cismani olaraq bircə Heydər Əliyev yoxdur, bir də Zərifə xanım yoxdur. Hamısı buradadır. Abidə də buradadır. Hamımız buradayıq. Özü də Siz gətirmisiniz. “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır”. Siz bizim ilham mənbəyimizsiniz.

Cənab Ali Baş Komandan, halaldı Sizə,

Millət, Vətən qarşısında oğul haqqınız.

44 günü Siz yazdınız tariximizə,

Günəş kimi dünyaya da doğacaqsınız.

“Xarıbülbül” festivalı bir möcüzə idi,

Yerlər, göylər ovsunlanıb dedim Şuşada.

Burada dağlar hamilə idi, dünya təzə idi,

Paytaxt Şuşa doğulurdu qədim Şuşada.

“Əziz Şuşa, sən azadsan”, bu, öz səsindi,

Vurğusu da, nidası da yadda qalırdı.

Festivalda işğalçının məhkəməsiydi

Dağlar hakim kürsüsündə mərd dayanırdı.

Mən Şuşada kimi gördüm, qürurlu gördüm,

Can da dedim Tanrı duası ilə.

Üzeyiri, Natəvanı, Bülbülü gördüm,

Sinəsində namərdlərin güllə yarası.

Yadımdadır, Ulu Öndər Şuşa deyib nitq söyləyirdi.

Vətən, ana həsrətidir Şuşa həsrəti.

Xoşbəxtəm ki, İlham özü belə deyirdi,

Mən yerinə yetirmişəm bu vəsiyyəti.

Cənab Ali Baş Komandan, halaldı Sizə,

Vətən, millət qarısında oğul haqqınız.

44 günü Siz yazdınız tariximizə,

Günəş kimi dünyaya da doğacaqsınız.

Cənab Prezident, mən onda olduğu kimi bir sirri də deyəcəyəm. Gedib evdə deyəcəyəm ki, lap mənim yanımda oturmuşdular, Prezident də danışanda mənə baxırdı. Siz bizi müalicə edirsiniz, dirildirsiniz, həyat bağışlayırsınız. Mən şadam, çox şadam, Allah Sizin başınızı uca eləsin. Allah Sizə dəyməsin. Bax, burada hamı İlham deyir. Yolda söhbət edirdik, Nizami Cəfərova deyirdim ki, ay Nizami, Heydər Əliyev nəinki tədbirlər keçirirdi, nəinki abidələr ucaldırdı. Dədə Qorquddan üzü bəri həm də ədəbiyyat yaradıcısı idi Heydər Əliyev. Ədəbiyyatımızı yaradırdı.

Cənab Prezident, Siz yanımızdasınız, biz həmişə Sizin yanınızdayıq. Başınız uca olsun. Qızım, Sizin də başınız uca olsun. Alla Sizi saxlasın. Çox şadam, 90 yaşımda gəncləşirəm.

X X X

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-yazıçı İlqar Fəhmi çıxış edərək dedi:

-Mən də deyilən bütün gözəl sözlərə qoşuluram, dövlətimizin başçısına, Mehriban xanıma bizə dəstək olduqlarına görə təşəkkür edirəm. Mən də şeir oxumalıydım, amma Nəriman müəllim elə bir gözəl ab-hava yaratdı ki, Vaqifin bir şeiri düşdü yadıma. Deyir:

“Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında,

Məqami ləli-gülrəngin miyani-səngi-xaradır”.

Vaqif deyir bu Şuşa dağında məskən tutdusa, burada qeyri-adi heç nə yoxdur. Çünki ən qiymətli, gözəl incilərin, gözəl daşların məqamı hara olur? Dağların, daşların arası olur. Bu gün bizim bu Şuşa şəhərimiz də sanki Vaqiflə bərabər həmin o dağların, daşların qoynunda məkan tutan Azərbaycanın ən qiymətli, ən gözəl bir incisidir və bu incini bizə qaytardığına görə həm Ali Baş Komandanımıza, həm müzəffər Ordumuza bütün yazarlar adından təşəkkür edirəm və bu şeiri oxumaq istəyirəm.

Bir Şuşa var, 30 ildir xəyallarda dolaşdı,

Bir Şuşa var, bu gün gəlib varlığına qovuşdu.

Bir Şuşa var, hər ağacı, hər daşı da tarixdi,

Bir Şuşa var, sevinci də, göz yaşı da tarixdi.

O Şuşa ki, illər boyu ayrı qaldı anasından,

Xarıbülbül qərib düşdü doğma, isti yuvasından.

O Şuşa ki, illər boyu məhbus idi, əsir idi,

Başı üstə qara duman, ayağında zəncir idi.

Nəhayət ki, cuşa gəldi igidləri, ərənləri,

Son bir dəli həmlə ilə titrətdilər göyü, yeri.

Dağı, daşı silkələdi mərmi səsi, atəş səsi,

Namərd düşmən bu torpaqda axır verdi son nəfəsi.

Bu gün artıq “zəfər” sözü Şuşa adı ilə qoşadır.

İndi hər gün bir qələbə, indi hər yer Şuşadır.

Çox sağ olun.

X X X

Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək dedi:

-Çox hörmətli cənab Prezident. Çox hörmətli Mehriban xanım. Bu, mənim azad Şuşaya ilk səfərimdir və bunu mən öz şəxsi həyatımda tarixi bir hadisə hesab edirəm. Buradakı bu qısa çıxışın öz arxivimdə də qalmasından ötrü onu yazmışam.

Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım.

Mən bu qısa çıxışımı etirafla başlamaq istəyirəm. Mən bilirdim ki, Şuşa haçansa mütləq azad olunacaq. Çünki başqa cür mümkün deyildi. Ancaq mən özümün həmin gözəl günü görəcəyimə inanmırdım. Nə üçün inanmırdım? Çünki dünyanı ikili siyasi standartlar idarə edir və Siz, çox hörmətli cənab Prezident, bu güclü və qolu zorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli və cəsarətli olduğu qədər də qətiyyətli, prinsipial iradə qoydunuz. Qəsbkar Şuşadan qovuldu və Şuşa azad oldu. Ancaq yalnız qəsbkar deyil, bu ikili standartlar da məğlub oldu.

Mən tam əminəm, Şuşa bundan sonra daha da gözəlləşəcək, inkişaf edəcək, Şuşa daha artıq eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək. Cənab Prezident, Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə Sizin adınız həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacaq.

Əziz dostlar, mənim təsəvvürümdə Şuşa canlı bir orqanizmdir. Biz 30 il Şuşa ağrısı ilə yaşadıq. Ancaq bu 30 ildə Şuşanın özü də həsrət və ağrı içərisində idi. Bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət ki, Şuşa bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük azadlıq savaşında Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının ədalətin və prinsipiallığın tribunu idi. Bu tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi və qüruru, eyni zamanda, Şuşanın özünün də sevincidir, Şuşanın da qürurudur.

Əziz dostlar, mən 40 il bundan əvvəl də burada keçirilən bu unudulmaz Vaqif poeziya bayramının iştirakçısı olmuşam. Bu gün mənim içimdəki Zəfər sevinci, fərəh və qürur hissi ilə bərabər, güclü bir təəssüf də var. Mən olduqca çox təəssüf edirəm ki, ulu öndər Heydər Əliyev bu günü görmədi, bütün varlığı ilə Şuşa sevincini yaşamadı. Ürəyi Şuşa ağrısı ilə sızlayan bir çox yazıçı və şairlər də, bir çox qarabağlı insanlar, o cümlədən İlyas Əfəndiyev də bu sevinci yaşaya bilmədilər. Ancaq mən sözümü ikinci bir etirafla bitirmək istəyirəm. 44 günlük Zəfər real sevinci, real fərəhi, real qüruru ilə bərabər, mənim içimdə mistik bir reallıq da yaradıb. Mən inanıram, qətiyyən şübhə etmirəm ki, Ulu Öndər də, bu gün burada yeri görünən o yazıçı və şairlər də elə bu dəm yuxarıdan bizə baxırlar və hər şeyi görürlər. Şuşa sevinci, Qarabağ sevinci o ali məqamda onlarla bir yerdədir. Qarabağ Azərbaycandır!

Əziz dostlar, bu sözləri oxuya-oxuya bir söz də yadıma düşdü və onu demədən düşmək istəmirəm: “Nə oldu Paşinyan?”.

X X X

Azərbaycan Yazıçılar Birliyin üzvü şairə Günel Şamilqızı “Müjdə” şeirini oxudu.

Düz 44 gün xəbər hazırladıq, sənin atdığın hər addımdan,

Ekranlara dikilən gözlərə sevinc payladıq, kənd-kənd, siyahı-siyahı.

Düz 44 gün çəkdiyin hər tətik ümid verdi bizə,

Düz 44 gün yumruğun hər havaya qalxanda bir az da dikəldi belimiz.

İndi biz də görüşünə gəlmişik, qardaş, kiçik bir müjdə kimi,

Cisminin uyuduğu yox, ruhunun qovuşduğu ucalığı ziyarətə gəlmişik.

Sinəmizə çəkilən dağdan yol alıb,

Cırmaq-cırmaq qalxdığın dağları görməyə gəlmişik, qardaş.

Bizim üçün onda asan idi yazmaq “Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi”.

Sənin üçün barıt, qan son nəfəs qoxuyurdu,

Azad torpaqlarda ciyərinə çəkdiyin vətən havası.

Bizim üçün onda asan idi yazmaq “Xudafərində bayrağımız dalğalanır”,

Sənin əllərin əsirdi burada döyüş yoldaşının üzünü bayraqla örtəndə.

Bu xəbərin yuxusu qan rəngində idi, qan qovuşuqdu, qardaş,

Bu xəbərin dünəninə qərənfil səpmişdik, sabahında xarıbülbül pöhrələnəcək.

Dünya durduqca köhnəlməyəcək sevinci,

Dünya durduqca bu xalq üçün bu xəbər hər zaman yeni olacaq, diri olacaq.

Sən yaralarımıza pıçıldamışdın, biz gələcəyi müjdələyirik,

Bir də, bir də, bir də “Şuşa işğaldan azad olundu”.

X X X

Azərbaycan Yazıçılar Birliyin üzvü şair Şəhriyar Del Gerani şəhidlərə və Şuşaya həsr etdiyi şeirini oxudu:

Əlimi qoy ürəyinin üstünə,

O uzağın bir adı da Vətəndir.

Atasının qəbrinə məktub yazan,

O uşağın bir adı da Vətəndir.

Ömür elə başdan-başa yarışdı,

Oğulların səngər-səngər vuruşdu.

Bu torpağa qəhrəmanlar qarışdı,

Qarışığın bir adı da Vətəndir.

Yel qayadan nə aparar aparsın,

Bu fanidən əbədiyyət apar sən.

Cənnətə də bir parça od aparsan,

Bu ocağın bir adı da Vətəndir.

Vətən adlı eşqin özü Şuşadır,

Şeir üzlüm nağılların yaşıdı.

Əlini qoy ürəyinin üstünə,

Daha adın azadlıqla qoşadır.

Bu gün, sabah, əbədi!

X X X

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

***

11:50

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlət başçısı açılış mərasimində çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.