Heyətimizdə bəzi problemlər var. Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyuk sabah məlum səbəblərdən oynaya bilməyəcəklər. Təxminən İrlandiya ilə görüşdəki oyunçulara şans verəcəyik. Heyətdə 1-2 dəyişiklik olacaq.

Unikal.org xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

Mütəxəssis bildirib ki, rəqib güclü olsa da, ümid sonda ölür:

"Ümidə yox, faktlara fikir verməliyik. İrlandiya ilə oyunda qələbəni son dəqiqələrdə əldən verdik. Motivasiya baxımından bu qələbə bizə kömək edə bilərdi. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir vacib məqamı da qeyd edim. İrlandiya ilə oyunda Rüstəm Əhmədzadə zədə aldı, yeriyə bilmirdi, bir ayağı demək olar yox idi. Meydanın mərkəzində o vəziyyətdə sürüşmə fəndindən yararlandı. Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq, daha az məğlub olacağıq".