Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Xarıbülbül sadəcə çiçək deyil. Qarabağın yaşayan əfsanələri” sərlövhəli məqaləsi dərc olunub.

Unikal.org xəbər verir ki, bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtında olmuş misirli jurnalist yazır: “Cənubi Qafqaz dağlarında 400-dən artıq çiçək növü olduğu bildirilir. Onların sırasında Azərbaycanın Qarabağ bölgəsində bitən Xarıbülbül bir çox qədim əfsanələrdə yer alıb və bu dastanlar nəsildən-nəslə keçib. Bu nadir çiçək məhəbbət və sədaqətin rəmzinə çevrilib. Xarıbülbülün qəribə özəlliyi ondadır ki, bu çiçək yetişdiyi torpaqdan ayrı düşəndə solur və məhv olur. Dünyanın heç bir başqa yerində ona rast gəlinmir. O, Qarabağın ürəyi sayılan Şuşada daha çox bitir və forma etibarı ilə bülbülə bənzəyir. Xarıbülbülün üç ləçəyi var, onlardan ikisi quş qanadını xatırladır, biri isə bülbülün baş hissəsinə oxşayır, həmçinin dağlarda qarın əriməsindən sonra çiçək açaraq baharın müjdəçisi olur”.

Müəllif qədim Şuşada Xarıbülbüllə bağlı öyrəndiyi xalq əfsanələrindən bəhs edir. O diqqətə çatdırır ki, bölgənin rəmzinə çevrilmiş bu çiçəyin təsviri qədim Azərbaycan xalçalarında, habelə ölkənin milli valyutasında əks olunub.

Məqalədə qeyd edilir ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyevin göstərişi ilə 32 il əvvəl keçirilən “Xarıbülbül” festivalı yenidən təşkil olunub. Bu mötəbər tədbir beynəlxalq nüfuz qazanıb və hələ SSRİ dövründə ən mühüm mədəniyyət hadisələrindən biri olub. Bu il Novruz tonqalının da qalandığı festival xüsusi koloriti ilə fərqlənib, klassik musiqidən tutmuş folklor nümunələrinə qədər geniş spektrdə incəsənət örnəkləri təqdim edilib. Tədbirdə əvvəllər festivalda çıxış etmiş Azərbaycanın görkəmli xanəndələri Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova və digərlərinin mahnıları səsləndirilib.

Yazının sonunda vurğulanır: “Xarıbülbül çiçəyi və onun adını daşıyan festival füsunkar təbiəti, təmiz havası, dünyada analoqu olmayan Şuşaya qayıdışın, onun qədim şöhrətinin bərpasının rəmzi oldu. Bu şəhərə gələn qonaqlar onu tək etmək istəmirlər. Əfsanələr isə onların yaddaşında əbədi olaraq qalır”.