Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən Unikal.org-a bildirilib ki, əvvəlcə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevə təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə məruzə edib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı üç dövləti təmsil edən xüsusi təyinatlıları birgə təlimlərin başlaması münasibətilə təbrik etdikdən sonra Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.

İştirakçı ölkələrin Dövlət himnlərinin müşayiəti ilə həmin respublikaların Dövlət bayraqları qaldırılıb.

General-leytenant H.Mirzəyev "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaq. "Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq.

Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandanlığı qonaqlarla görüşüb, onlara təlimlərdə uğurlar arzulayıb.

Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan "Əbədi, sarsılmaz qardaşlarıq biz" adlı musiqili-xoreoqrafik kompozisiya və "Üç qardaş - 2021" beynəlxalq təliminə həsr olunan "Üç qardaş" mahnısının təqdimatı ilə açılış mərasimi başa çatıb.