97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində şəhid ailələri və qazilərlə növbəti dəfə görüşüb.

Unikal.org xəbər verir ki,  xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak edib.

Görüşdən öncə şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub və məzarlarının üstünə tər gül dəstələri qoyulub.

Goranboy rayonunun 8 mindən çox əhalisi olan və ən böyük yaşayış məntəqəsi sayılan Qızılhacılı qəsəbəsindəki səyyar görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşıblar.

Məhz bunun nəticəsidir ki, son 18 ildə 10 000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzillərlə, 7 200-dən çox əlil  minik avtomobili ilə təmin edilib və müharibədən sonrakı dövrdə 9 mindən çox insana müxtəlif sosial ödənişlər verilib.  Dövlət başcısının müvafiq sərəncamına əsasən yaxın 5 il ərzində bu kateqoriyadan olan 11 000 ailəyə yeni mənzillər təqdim olunacaq.

Bildirilib ki, bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy rayonunun hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib, onlardan 55 nəfəri şəhid olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib.

Görüşdə qeyd olunub ki, ölkə rəhbərliyinin sosial yönümlü dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev tərəfindən Vətən Müharibəsində Goranboy rayonundan şəhid olan 24 hərbçi və 2 mülki vətəndaşın, Ağdam rayonundan 52 hərbçi və 1 mülki vətəndaşın, Tərtər rayonundan 3 hərbçinin, bütövlükdə isə 3 rayondan 81 nəfərin dəfn, yas mərasimlərinin və qəbirüstü abidələrinin maliyyələşdirilməsi təmin olunub.

Eyni zamanda, deputatın təşəbbüsü ilə Goranboy rayonundan 4 Milli Qəhrəman, 125 şəhid ailəsinə, 111 müharibə  əlilinə, 3 rayon üzrə bütövlükdə bu kateqoriyadan olan 412 nəfərə  maliyyə yardımının, 10-dan çox qazinin isə müalicəsinə, evlərinin təmirinə və digər sosial məsələlərinin həllinə maddi köməkliyin göstərilməsi təşkil olunub. Son iki il ərzində millət vəkili tərəfindən bayram günlərində, eləcə də pandemiya ilə əlaqədar dəfələrlə adı çəkilən rayonların 1000-ə yaxın şəhid, əlil və aztəminatlı ailəsinə ərzaq bağlamaları göndərilib.  

Qızılhacılı qəsəbəsinin şəhid ailələrinin və Qarabağ əlillərinin kollektiv müraciəti nəzərə alınaraq deputat tərəfindən qəsəbədə bütün müasir standartlara cavab verən subartezian quyusunun qazılması təşkil edilib və sakinlərin istifadəsinə verilib.

Bundan əlavə, millət vəkilinin təşəbbüsü ilə rayonun ən ucqar yaşayış məntəqəsi olan Todan kəndinə gedən 24 kilometr uzunluğunda yola çınqıl döşənərək hamarlanıb, Xanqərvənd  və Aşağı Ağcakənd məktəblərində isə istilik sistemləri quraşdırılıb.

Səmimi şəraitdə keçən görüşdə Ağalar Vəliyev şəhid ailələrini və qaziləri fərdi qaydada dinləyib, onların qaldırdığı sosial problemlərin həllinə operativ reaksiya göstərib və aidiyyatı qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Görüş iştirakçıları Goranboy rayonunun əhalisinə, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.