Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında müsabiqə elan edir.

Unikal.org xəbər verir ki, “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə 20 sentyabr – 20 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak edən yazı, TV süjet və fotolar 5 nəfərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək “EXPO 2020 Dubai” tədbirində Azərbaycan pavilyonunun ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaq. 2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər (“Xarı Bülbül” hoteli),  3-cü yerin sahibləri isə “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər haqqı qazanacaq.

Müsabiqənin şərtləri:

- Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir;

- Məqalələr, fotolar və televiziya süjetləri yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir;

- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər;

- Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya foto təqdim edə bilər;

- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkara fotokamera ilə çəkilməklə 3000 piksel-ə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir;

- Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;

- Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;

- Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.

- Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə “[email protected]” ünvanına göndərilməlidir.

- Televiziya süjeti DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 oktyabr 2021-ciil tarixinədək Dövlət Turizm Agentliyinə (Ünvan: Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək “[email protected]” poçt ünvanına göndərilməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).

Materialların qiymətləndirilmə meyarları:

- Aid olduğu mövzunu əhatə etməsi, jurnalist araşdırması,

- Əsaslandırma və faktların əlaqələndirilməsi;

- Materialın informasiyalılıq səviyyəsi;

- Yazının və reportajın dil və üslub xüsusiyyətləri;

- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi;

- Müqayisəli təhlil üslubu;

- İctimai maraqların müdafiəsi.