Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.

Unikal.org xəbər verir ki, son çempion "Neftçi" "Keşlə"ni qəbul edəcək.

“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb. Xalı olmayan qonaqlar isə sonuncu - 8-ci yerdədir.

Komandalar indiyədək Premyer Liqada 66 dəfə üz-üzə gəliblər. Bunların 36-da flaqman, 15-də isə "Keşlə" 3 xal qazanıb. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 103:63. “Keşlə” son 5 görüşdə məğlub olub. “Neftçi”nin meydanındakı son üç qarşılaşmada hər iki komanda fərqlənib.