“12-ci İmam Mehdi” kimi tanınan Aqil Babayevin dələduzluğunun daha bir qurbanı 2-ci Qarabağ müharibəsi qazisi Ələkbər Nəftəliyevin atası Aydın Naftəliyevdir. 

Unikal.org xəbər verir ki, Aqil Babayev zərərçəkənin etibarından sui-istifadə edərək, 75000 (yetmiş beş min) manat məbləğində pulunu ələ keçirərək, ona külli miqdarda maddi ziyan vurub. Aydın Naftəliyev deyir ki, Aqil Babayevlə 2004-cü ildə tanış olub. Elə o zamandan etibarən də müxtəlif vədlərlə aldadılıb:

“Həmin vaxt mən Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 6 saylı CÇM-də (ədliyyə mayoru) baş əməliyyat müvəkkili vəzifəsində işləyirdim. Aqil Babayev əvvəlcə özünü dindar insan kimi təqdim etmişdi. Bir müddət sonra isə o, özünü “İmam Mehdi” kimi təqdim edərək, Allahın elçisi olduğunu və yalnız ona ibadət etməyi, onun göstərişlərinə tabe olmağı təbliğ etməyə başladı. O, mənim Ədliyyə orqanlarında qulluğumun “şeytan əməli” olduğunu və şeytana xidmət etdiyimi bildirərək, məni xidmətdən uzaqlaşmağa, ona qulluq etməyə məcbur edib. 2006-cı ildə səhhətimdə yaranmış xəstəliklərlə əlaqədar təqaüdə buraxıldım.

Aqil Babayevi tanıdığım ilk aylardan onun göstərişi ilə hər ay qazancımın və təqaüd kimi aldığım məvacibin minimum 2,5 faizi hissəsini ona vermişəm. Mən 2004-cü ildən 2021-ci ilin aprel ayına kimi ona ümumilikdə 10000 (on min) manatdan artıq zəkat qismində pul vermişəm. O, isə kasıb və dindar ailələr üçün yığılan zəkat pullarını öz xərclərinə sərf edib.  

Bundan əlavə, 2018-ci ilin sonlarında Aqil Babayev Bakı şəhəri, Xətai rayonu ərazisində kasıb və dindar ailələr üçün yüksəkmərtəbəli bina inşa etdirdiyini, lakin işlərinin tamamlanması üçün ona təcili pul lazım olduğunu dedi və mənzilimi dəyər-dəyməzə satıb pulları ona verməyimi bildirdi. Dedi ən geci bir il ərzində inşa etdirdiyi binada mənə təmirli və ümumi sahəsi 150 k.vm mənzil verəcək. Mən ona inanıb 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 27, mənzil 8 ünvanında yerləşən mənzilimi 65000 (altmış beş min) manata sataraq pulları şəxsən ona verdim. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Aqil Babayev mənə verdiyi vədi yerinə yetirmədi. Mənə sonradan məlum oldu ki, Aqil Babayev heç bir tikinti işi ilə məşğul olmur və məni bu qədər zamandır aldadırmış. Halbuki, evimin real bazar dəyəri həmin vaxt  90000 (doxsan min) manat idi.”

Xatırladaq ki, Aydın Naftəliyev 2-ci Qarabağ müharibəsi qazisi Ələkbər Nəftəliyev atasıdır.

QEYD: Aqil Babayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar da bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.