Azərbaycanda sentyabrın 29-dan etibarən ali məktəblərdə ənənəvi tədrisə start verilməsi ilə əlaqədar koronavirus pandemiyasından irəli gələn məsələlərin operativ həlli məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İşçi Qrup yaradılıb.

Unikal.org xəbər verir ki, bundan əlavə, özündə COVİD-19-a aid hər hansı bir əlamət hiss edən və ya universitetdə olduğu zaman koronavirus testindən pozitiv cavab alan əməkdaş və tələbələrin təcrid olunmaları üçün hər mərtəbədə otaqlar ayrılıb. 25 nəfərdən ibarət İşçi Qrupun yaradılması və koronavirusa yoluxma şübhəsi olan şəxslər üçün xüsusi təcrid otaqlarının ayrılması haqda qərar ADNSU-nun Elmi Şurasının sentyabrın 22-də baş tutmuş iclasında qəbul olunub. Eyni zamanda vaksinasiya prosesinin səmərəli şəkildə davam etdirilməsi məqsədilə ADNSU-da Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə TƏBİB-lə birgə peyvənd otağı açılıb. Koronavirus pandemiyası ilə əlaqədar respublikada xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq ADNSU-da mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir, mərtəbələrdə bir neçə yerdə dezinfeksiya aparatları quraşdırılıb. Sentyabrın 29-dan ADNSU-nun korpusları 5 alternativ giriş-çıxışla təmin olunacaq.