23 sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərlərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun Mətbuat Xidmətlərindən Unikal.org-a verilən birgə məlumata əsasən, Memorandumu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıb.

Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir.  

Razılaşmaya əsasən bölgədəki ekosistemlərin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması kimi layihələrin icrası həyata keçiriləcək.

Bu əməkdaşlıq, eyni zamanda, işğal dövründə Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, ərazilərin, o cümlədən su hövzələrinin Ermənistan ərazisindən transsərhəd çirklənməsinin davam etdirilməsi kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xarici mətbuatda işıqlandırılması və “Yaşıl” iqtisadiyyatın dəstəklənməsi kimi layihələri də əhatə edəcək.

Tərəflər digər dövlət, özəl təşkilatları, eyni zamanda diaspora və cəmiyyətin müxtəlif nümayəndələrini də bu Memoranduma qoşularaq qeyd olunan istiqamətlər üzrə potensial əməkdaşlığa, öz fəaliyyət istiqamətlərinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərlərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.