"XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır". Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin narkotiklərlə bağlı məlum çıxışı ölkə ərazisində "ağ ölüm"lə bağlı mübarizəyə təkan verdi.

Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığa, zorakılığa və korrupsiyaya səbəb olaraq qlobal problemlərə çevrilib.

İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

Azərbaycan 1992-ci ildə BMT-yə tamhüquqlu üzv olduqdan sonra BMT-nin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" 1988-ci il konvensiyasına qoşulub.

Ölkəmizdə narkomaniya ilə mübarizə məqsədilə "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə" üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib.

Yaxşı, bəs narkotik nədir?

- Narkotik mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək onun xarakterini dəyişir, qurban özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır.

Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Bu gün Azərbaycanda narkomaniya ilə mübarizə prioritetə çevrilib. Rəsmi məlumatlara görə, Azərbaycanda narkotiklər həm ölkəyə gətirilir, həm də ölkə ərazisində təbii yolla bitir və ya kultivasiya vasitəsilə yetişdirilir. Son dövrlərin bəlasına çevrilən və əsl adı "metanfetamin" olan psixatrik maddə gənclər arasında kütləvi istifadəyə çevrilib. Bununla bağlı müvafiq dövlət qurumları əməliyyatlar keçirir, onun satışı, həmçinin istifadəsi ilə məşğul olanlar demək olar ki, hər gün aşkar olunaraq məsuliyyətə cəlb edilir. 2020-ci ilin sonuna olan rəsmi məlumata əsasən, Azərbaycanda 33 min 788 nəfər rəsmi qeydiyyatda olan narkotik istifadəçisi var. Qeyd edək ki, 2019-cu il ilə müqayisədə 2020-ci ildə qeydiyyata alınan 2356 nəfər narkotik istifadəçisi artıb. Bu il də görünən odur ki, narkotikdən istifadə edənlərin sayı ötən ilə nisbətən xeyli artıb. Məlumata görə, psixatrik maddələrdən istifadə edənlər, əsasən, 20-30 yaş aralığında, xüsusən də 24-25 yaşlı gənclərdir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov bildirib ki, ictimai təşkilatlar və cəmiyyətin digər üzvləri bu məsələdə eyni məsuliyyətlə iştirak etməli, həmrəylik nümayiş etdirməlidir:

“Öncə onu qeyd etməliyəm ki, narkomanlığa və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə həmrəylik nümayiş etdirilməlidir, yəni, dövlət qurumları, İctimai təşkilatlar və cəmiyyətin digər üzvləri bu məsələdə eyni məsuliyyətlə iştirak etməlidir. Bu, elə bir bəladır ki, onunla mübarizədə fasiləyə və  bir anlıq boşluğa yol verilməsi bütün zəhməti hədər edir. Müxtəlif regionlarda bu mövzuda həyata keçirdiyimiz təlim və monitorinqlərimiz onu göstərib ki, narkomaniyanın profilaktikası öncə ailədən başlamalı və məktəblə davam etməlidir”.

K.Məmmədov narkomaniya ilə mübarizə aparmaq üçün ölkənin şəhər və rayonlarında siqaret, spirtli içki və psixotrop maddələrin istifadəsinin zərərləri haqqında marifləndirmə tədbirləri üçün başlanğıc yaşın orta hesabla 12-yə endirilməsi zərurətini vurğulayıb: ““Ağ ölüm” adlanan bu bəla ilə mübarizə üçün beynəlxalq təcrübəyə əsaslanaraq öz təcrübəmizi sizinlə bölüşə bilərik. Əvvəla yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tədbirlər planı geniş formada hazırlanmalı və bu yaş qrupuna aid olan əhali istisnasız tədbirlərə cəlb edilməlidir. Şəhər və rayonlarda sürətlə yayılmaqda olan siqaret, spirtli içki və psixotrop maddələrin istifadəsinin zərərləri haqqında marifləndirmə tədbirləri üçün başlanğıc yaş, orta hesabla 12 yaşa endirilməlidir. Sosial vəziyyəti aşağı olan və risk altında yaşayan yeniyetmə və gənclər yetişdirilməli, onlara daima qayğı ilə əhatələndiyi hiss etdirilməli, eyni zamanda bu cür ailələrə psixoloji dəstək verilməli və həmin ailələrin üzvü olan yeniyetmə və gənclər ictimai fəaliyyətə stimullaşdırılmalıdır. Valideynlər arasındakı qarşıdurmaların, ünsiyyət problemlərinin, siqaret, spirtli içki və psixotrop maddələrdən istifadənin uşaqlara mənfi təsirləri valideynlərə mütəmadi izah edilməli, ailələr təsilli uşaq yetişdirmə mövzusunda məlumatlandırılmalıdır. Təhsil müəssisələrində davamlı olaraq şagirdlər üçün "Narkomaniyaya yox deyək" mövzusunda müsabiqələr təşkil edilməli, bu müsabiqələrdə də əyani göstərici kimi rəsm müsabiqəsinə üstünlük verilməlidir”.

Ağarza Elçinoğlu