Ötən ilin bugünkü günü idi. Səhər-səhər xəbər gəldi ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edəcək.

Hələ həmin ilin iyul döyüşlərindən məyusluq hissi keçirən insanlar bu dəfə nədənsə ümidli idi. Çünki nə aprel, nə Tovuz, nə də digər qısamüddətli döyüşlərdə Prezidentin xalqa müraciəti olmamışdı. Ona görə də səhər oyananlar oyanmayanları dövlət televiziyasına baxmağa səslədi.
Müdafiə Nazirliyindən verilən məlumatdan aydın oldu ki, dövlət başçısı artıq "irəli" əmrini verib. Artıq Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatına başladı. Beləcə, General-mayor Polad Həşimovun ölümü ilə nəticələnən iyul döyüşləri təxminən 2 aydan bir qədər sonra "Dəmir Yumruq" planı adı altında davam etdi.

Müharibənin ilk günlərində strateji əhəmiyyətli Murov dağı yüksəkliyi Müdafiə Nazirliyinin yeni təyinatı olan mətbuat katibi Anar Eyvazov tərəfindən ictimaiyyətə açıqlandı. Nazirliyin müharibədən əvvəl hər şeyi kiçik detalına qədər düşünüb planlaşdırdığı aydın idi.
Bundan sonra azad olunan tarixi ərazilərimizi dövlət başçısı bildirirdi. Görünür, cənab prezident bunu özünün vəzifə borcu kimi qəbul edirdi. Bunun ardınca demək olar ki, hər gün yeni-yeni ərazilərimiz erməni vandalizminin işğalından azad edilirdi.

Ali Baş Komandanın "Bizim işimiz Şuşasız yarımçıq qalar" deməsi millətimizi daha ruhlandırır, onlarda əminlik yaradırdı...

Bəli, "el bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar". Azərbaycanın rəşadətli ordusu gücünü bir yerə qoyub günü-gündən geriyə baxmadan irəliləyərkən, Azərbaycan xalqı da ellərini birləşdirərək ilk dəfə idi ki, bu qədər bir, güclü, əzmli idi. Çünki hər kəsin ortaq arsuzu var idi — Qarabağ.

Nə millət, nə dövlət, nə də cəsur ordu Qarabağ adının yanında "dağlıq", "respublika" kimi əlavə eybəcər sözlər görmək istəyirdi. Ona görə də hamı Qarabağı eybəcərliklərdən xilas etmək arzusu ilə birləşdi.

Beləliklə, ağrılı-acılı, həyəcanlı, sevincli, kədərli, sözlə deyilməsi mümkün olmayan duyğularla Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunmasının şahidi olduq. Növbə necə azad edilməsi dünyaya səs salan Şuşa şəhərinə çatmışdı. Bir neçə gün səssizliyin ardından xəbər gəldi ki, Respublika başçısı Şəhidlər Xiyabanından xalqa müraciət edəcək. Yenə də bir nəfər kimi televiziyanın qarşısına keçdik. Bu dəfə hamı susur, lakin gözlərindən "Şuşa" deyə sevinc qışqırırdı. Gözlənilən söz prezidentdən gəldi — "Əziz Şuşa, sən azadsan".

Təəssüf ki, müharibələr itkisiz olmur. İndi Azərbaycan tərəfi 2907 şəhidi və azad Qarabağı ilə fəxr edir. O şəhidlər ki, ölümün gözünə gülə-gülə baxırdı. Bilmirəm niyə, amma mən onlara "Seçilmişlər" deyirəm. Axı hər adam şəhid ola bilmir, ya da qismət olmur.
Biz Vətəni şəhidlərimizin qanı, qazilərimizin canı və neçə-neçə igid oğullarımızın hesabına azad etdik. Bu gün də, sabah da onlara borcluyuq.

Əslində, Qarabağı bütün qeyrətli oğullar xilas etdi. Burada varlı-kasıb təbəqəsindən söhbət belə gedə bilməz.

Bu gün — 27 sentyabr ölkə rəhbərinin sərəncamı ilə şəhidlərin anım günü kimi qeyd olunur. Günorta saat 12-də isə onların əziz və müqəddəs ruhları bir dəqiqəlik sükutla yad ediləcək.

Lakin onlar bir ömür unudulmayacaq qəhrəmanlıq və rəşadət göstərərək Azərbaycan xalqının yaddaşına əbədiyyən həkk olundu. O rəşadət ki, düşməni papağını qoyub qaçmağa, Ağdam, Kəlbəcər və Laçın şəhərlərini bir güllə belə atmadan geri qaytarmağa təhrik etdi.

Bu gündən, 8 noyabr "Zəfər Günü"nə qədər davam edəcək 44 günlük şanlı qələbə tarixi hər gün bir xatirə ilə anılacaq.

Hər zəfərin arxasında bir fədakarlıq və qan dayanır. Biz hərbçilərimizlə birgə neçə mülki, dinc sakinlərimizi də itirdik. Azərbaycan xalqı qələbəyə sevindiyi kimi, onun uğrunda canından keçənlərin də anım gününü hörmət və ehtiramla yad edir.
Millət olaraq nə 27 sentyabrı, nə şəhidlərimizi, nə Gəncəyə atılan raketlər nəticəsində həlak olan mülkiləri, nə də 8 noyabrı unudacağıq.

Onu da deyim ki, dünya durduqca Qarabağ Azərbaycandır və bu belə də davam edəcək. Hər bir kəs də bu reallıqla barışmalıdır.

İndi Azərbaycanın qarşısında Zəngəzur planı,  Qarabağın dirçəldilməsi və s. kimi önəmli missiyalar var.

Yaşasın bütöv Azərbaycan! 

Ağarza Elçinoğlu