Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çinin Liaonin vilayətindəki ortaq müəssisələrinə 25 milyard yuan (təxminən 3,87 milyard ABŞ dolları) sərmayə yatıracaq.

Unikal.org xəbər verir ki, bu barədə BMW-nin İdarə Heyətinin sədri Oliver Sipse Çində keçiriləcək beynəlxalq idxal sərgisinin təşviqinə həsr olunan onlayn konfransda deyib. Bu, Almaniya şirkətinin 2009-cu ildən bəri Çinin Şenyan şəhərinə yatırdığı 9,9 milyard dollarlıq sərmayəyə əlavə olacaq.

BMW-nin Çindəki əsas istehsal müəssisələri və tədqiqat mərkəzi Şenyanda yerləşir. Şirkətin Çindəki ortaq müəssisəsi olan “BMW Brilliance Automotive” bir neçə ildir Şenyanın ən böyük vergiödəyicisidir. Bu günlərdə müştərək müəssisədə 4 milyonuncu avtomobil istehsal olunub.

Qeyd edək ki, BMW 1994-cü ildə rəsmi olaraq Çin bazarına girəndən bəri satışları davamlı artır. Belə ki, 2004-cü ildə cəmi 8707 avtomobil satılmışdısa, ötən il bu rəqəm 777 mini ötüb. “BMW Group” keçən il Çin avtomobil satışı bazarının 3,11 faizinə malik olub.