Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 sentyabr -Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Unikal.org xəbər verir ki, Universitetin rektorluğu, professor-müəllim heyəti və tələbələri universitetin müharibədə şəhid olmuş tələbə və məzunlarının 1 saylı tədris korpusunda yerləşən “Şəhidlərin xatirə guşəsi”ndə düzənlənən foto-sərgilərinin önündə onların ruhu qarşısında baş əyib, xatirələrinə hörmət və ehtiramlarını bildiriblər. Saat 12.00-da  isə Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   

Anım mərasimi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “30 illik Vətən həsrətimizə son qoyan 44 günlük müharibə şanlı tariximizdir” adlı onlayn seminarla davam edib. Tədbiri açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmədova Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qaldığını, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun mənfur düşmənin cəbhəboyu çoxsaylı təxribatlarına cavab olaraq, ötən il sentyabrın 27-də əks-həmləyə keçərək sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı 44 günlük müharibədə azad etdiyini deyib. Rektor bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, bu yolda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu vurğulayıb.  

Tədbirdə çıxış edən digər çıxışçılar – Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev və tələbələrimiz Nesin Hüseynova, Vüsal Məmmədov qəhrəman Azərbaycan oğullarının həyatları hesabına Vətən torpaqlarını düşmən işğalından azad edərək, xalqımızın 30 illik həsrətinə son qoyduqlarını bildiriblər. Universitetin İnşaat fakültəsinin 4-cü kursunda oxuyan, Şuşa uğrunda əməliyyatda iştirak edib, ağır  yaralanan qazi tələbəsi Fariz Əzizov Vətən müharibəsi günlərində keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun şanlı zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışıb, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarına rəhmət diləyib, sağlamlığını itirən qazilərə şəfa arzulayıb.