Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da 44 günlük Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş kütləvi anım mərasimləri keçirilib.

Unikal.org xəbər verir ki, anım mərasimləri əsaslı tikinti-bərpa işlərindən sonra həmin gün yenidən açılan Şəhidlər Xatirə Kompleksi abidəsi önündən başlanıb. Səhər saatlarından başlayaraq həzin musiqi sədaları altında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Milli Məclisin depudatı Ziyafət Əsgərov, İcra Aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və təşkilatların rəhbər işçiləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələri pandemiya qaydalarına uyğun olaraq qrafik üzrə Şəhidlər Xatirə Kompleksi abidəsini ziyarət edib şəhid qəbirləri üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər. İcra başçısı şəhid qəbirlərini ziyarət edərkən şəhid valideynləri, ailə üzvləri və övladları ilə görüşüb söhbət edib.

Sonra İcra başçısı abidənin açılışı münasibətilə çıxış edib. Natiq çıxışında qeyd edib ki, işğal olunmuş torpaqların azad olunması ilə nəticələnmiş 44 günlük Vətən Müharibəsinin başlanmasından artıq bir il ötür. Məhz, bir il bundan əvvəl, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Milli Ordumuz Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə əks hucuma keçərək erməni faşist ordusunu darmadağın edib düşmən üzərində misilsiz qələbə çalıb. Müharibə günlərində vətənpərvərlik ruhunun ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da çox yüksək olduğunu bildirən İcra başçısı döyüşlərin başladığı gündən hər bir lənkəranlının müsəlləh əsgərə çevrilərək vətən uğrunda şəhid olmağa hazır olduğunu xüsusi vurğulayıb və müharibənin ilk saatlarındaca yüzlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gəlib könüllü olaraq döyüş bölgəsinə göndərilmələrini təkidlə tələb etdiklərinin bunun parlaq nümayişi olduğunu bildirib.

Döyüşə gedən gənclərdən 66 nəfərin qəhrəmancasına həlak olduğunu, bir çoxlarının yaralandıqlarını bildirən natiq onların şücaətinin hər bir gənc üşün misilsiz vətənsevərlik nümunəsi olduğunu önə çəkərək torpaqların azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini söyləyib. Natiq şəhərdə şəhidlərin uyuduğu Şəhidlər Xatirə Kompleksi abidəsinin əsaslı şəkildə yenidən qurulmasının, genişləndirilərək ətrafında səliqə-sahmanın yaradılmasının, kompleksin giriş hissəsində bütün şəhidlərin şəkilləri, ad və soyadları qeyd olunmuş hündür divar lövhənin quraşdırılmasının da bu məqsədə xidmət etdiyini xüsusi olaraq qeyd edib. 

Sonra şəhid ataları Kamran Kazımov, Layim Veysəlov, şəhid həyat yoldaşı Rəna Bayramova, şəhid övladları Qurbanova  Emiliya Emil qızı, Quliyeva  Rüqəyya Vüsal qızı və digərləri çıxış edib Vətən müharibəsində qəhramancasına həlak olan əzizləri ilə və bütün digər şəhdilərlə qurur duyduqlarını, fəxr etdiklərini bildiriblər. Şəhidlərin vətən qarşısında xidmətlərinin yüksək qiymətləndirilməsinə və şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Məktəblilərin ifasında Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi- bədii kompazisiya ifa edilib.

İcra başçısı, Milli Məclisin deputatı, İcra Aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyat nümayəndələri bölgü əsasında rayon ərazisində müxtəlif yerlərdə dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.Həmin gün  məscid və ibaqdətgahlarda şəhidlərin ruhuna dualar və Quran ayələri oxunub, Şəhidlər Xiyabanının genişləndirilmiş ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağaclar əkilib. Saat 12-00da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bir dəqiqəlik sükut zamanı nəqliyyat vasitələri və sakinlər ehtiram əlaməti olaraq hərəkəti dayandırıblar. Eyni zamanda Heydər Əliyev Xatirə Parkında və şəhərin digər ərazilərində yerləşən  rəqəmsal monitorda Vətən müharibəsi şəhidlərinin şəkillərini, ad və soyadlarını 44 gün ərzində fasiləsiz olaraq nümayiş etdirəcək proqram işə salınıb. 

Anım günü münasibətilə Heydər Əliyev Mərkəzində, LDU-da, təhsil, səhiyyə, mədəniyyət müəsissələrində və müxtəlif təşkilatlarda silsilə tədbirlər davam etdirilib.