Fəzail Ağamalı: “Yolunu azmış və ölkəsi, dövləti, xalqı üçün vicdanı ilə çalışmayan məmurlar...”  - MÜSAHİBƏ
Fəzail Ağamalı: “Bir sıra məmurlar özlərinin adekvat olmayan fəaliyyətləri ilə radikal qüvvələrin əl-qol açmasına şərait yaradırlar”

“Rusiya istəyir ki, Azərbaycan israrla yürütdüyü müstəqillik xəttindən imtina edib Rusiyayönlü müstəviyə keçsin”

Son günlər ölkədə və bölgədə baş verən siyasi-sosial proseslərlə bağlı suallarımızı Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.

-Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışında ölkədəki infrastruktur layihələri, ərzaq təhlükəsizliyi, fermerlərə dəstək, korrupsiyaya qarşı mübarizə və s. məsələlərdən danışarkən sözügedən Dövlət Proqramının reallaşmasında maraqlı olmayan hökumət məmurlarını kəskin şəkildə tənqid edib. Sizcə, bu məmurlar Prezidentin siyasi kursunun gerçəkləşməsində niyə maraqlı deyillər?

-Harınlıqdan... Və vətəndaş məsuliyyətinin olmamasından... Dünyagörüşün, intellektin lazımi səviyyədə olmamasından... Bu cür məmurlar başa düşməlidirlər ki, Prezidentin onlara göstərmiş olduğu etimad çox şərəfli bir etimaddır, Azərbaycan xalqına xidmət etmək kimi bir şansdır. Lakin cənab Prezidentin söylədiyi kimi, təəssüf ki, bir sıra məmurlar bu mühüm məsuliyyəti başa düşmək əvəzinə yollarını azırlar, qanunları və qaydaları pozurlar, vətəndaşların problemlərinə və şikayətlərinə yanaşmaq cəhətdən öz məsuliyyətlərini anlamırlar. Onlar həm də cənab Prezidentin dəfələrlə onlara verdiyi tövsiyələri asanlıqla unudurlar. Bununla belə düşünürəm ki, Prezident İlham Əliyevin sözügedən yığıncaqdakı geniş çıxışı bu məmurlar üçün olduqca ciddi bir xəbərdarlıqdır və mən əminəm ki, ölkə Prezidenti tərəfindən edilən bu cür çağırışlar onun konkret addımları ilə müşayiət olunacaq. Yəqin ki, yolunu azmış və ölkəsi, dövləti, xalqı üçün vicdanı ilə çalışmayan məmurlar yaxın zaman içərisində hakimiyyət orqanlarından və dövlət strukturlarından uzaqlaşdırılacaqlar.

-Sizə elə gəlmir ki, məhz vurğuladığınız məmur harınlığının nəticəsidir ki, bu yaxınlarda bir sıra rayonlarımızda sosial məzmunlu etiraz aksiyaları baş verdi və camaat yerli məmurların üzərinə qalxaraq onların mülklərinə od vurdu?

-Güman etmirəm ki, bu əhvali-ruhiyyəni bütün rayonlara şamil etmək mümkündür. Bəzi rayonlarda məmurların buraxdığı səhvlərin ucbatından dağıdıcı qüvvələr istifadə etməyə başlayıblar. Yəni demək istəyirəm ki, bir neçə rayonda qeydə alınmış etiraz aksiyalarının səbəblərini ancaq bir istiqamətdə izah etmək doğru olmazdı. Hər bir məmur bu gün səy göstərməlidir ki, Azərbaycandakı anarxist qüvvələrin fəaliyyətinə əsas verməsin. Azərbaycanda indiki tarixi və mürəkkəb geopolitik şəraitdə qarışıqlıq yaratmaq, ölkə vətəndaşları arasında uçurum yaratmaq və onu dərinləşdirmək, iqtidarla vətəndaşlaq arasında anlaşılmazlıq törətmək, əhalinin radikal addımlar atmasına maraqlı olan qüvvələr var və bir sıra məmurlar özlərinin adekvat olmayan fəaliyyətləri ilə bu qüvvələrin əl-qol açmasına şərait yaradırlar. Əksinə, çalışmaq lazımdır ki, bu cür destruktiv qüvvələrin meydana çıxmasına imkan verilməsin. Bu da daha çox ölkəni idarə edən məmurlardan, rayonların icra hakimiyyətlərinin başçılarından, ayrı-ayrı dövlət strukturlarında çalışan istər yüksək səviyyəli, istərsə də aşağı səviyyəli məmurlardan asılıdır. Düşünürəm ki, belə yanaşmaya son qoymağın vaxtı gəlib çatıb və ölkə Prezidentinin həmin iclasdakı çağırışı da məhz bu məntiqə söykənir.

-Sizcə, bütün ölkə üzrə ciddi kadr islahatlarının keçirilməsi bu problemi qismən həll edə bilərmi? Çünki ölkədə elə nazirlər var ki, artıq 15-18 ildir ki, hələ də öz kreslolarında əyləşiblər...

-Bilirsiniz, yüksək səviyyəli kadrları təyin edən ölkə Prezidenti cənab İlham Əliyevdir. Və onun Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinə mətbuat vasitəsilə müdaxilə etmək etikadan kənar jest olardı. Ancaq hər halda dünən ölkə Prezidenti öz mövqeyini birmənalı şəkildə ortalığa qoydu. Onun etimadını itirənlər, Azərbaycan xalqına xidmət etməyənlər öz postlarında qalmayacaqlar. Prezidentin çıxışından irəli gələn əsas qənaət bundan ibarətdir.

-Vaxtilə Siz mətbuatda bildirmişdiniz ki, bir sıra yüksəkrütbəli məmurlar barədə əlinizdə kompromatlar var və vaxtı gələndə bu faktları açıqlayacaqsınız. Bu baxımdan yanaşanda belə məmurların çəkisi, faizi nə qədərdir?

-Vallah, onların çəkisini mən çəkiyə qoymamışam. Sadəcə, məmurlar barədə cənab Prezidentə geniş şəkildə məlum olan məlumatların bir qismi mənə də məlumdur. Bu məlumatlar mənə bir millət vəkili, bir partiya sədri olaraq cəmiyyət tərəfindən çatdırılıb. Mən Ana Vətən Partiyasının sədriyəm, bizim rayon təşkilatlarımız var və bu təşkilatlardan aldığımız məlumatlar var. Bu təşkilatların topladıqları məlumatları digər mənbələrdən dəqiqləşdirmək imkanlarımız da var. Adlara gəlincə isə, bəli, mən bu adları çəkmək istəmirəm. Çünki artıq dünən ölkə Prezidenti məni də və çoxlu sayda Azərbaycan vətəndaşlarını narahat edən məsələlərə öz çıxşında tam şəkildə aydınlıq gətirdi. Bu cür aydınlığa görə, bu cür çıxışına görə, belə prinsipial dövlətçilik mövqeyinə görə mən ölkə Prezidenti İlham Əliyevə bir vətəndaş və bir millət vəkili olaraq çox dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onun bu çıxışına və ümumən yürütdüyü siyasətə birmənalı şəkildə dəstək verirəm.

-Son günlərdə ekspertlər və politoloqlar Azərbaycana Rusiyadan qaynaqlana biləcək təhlükələr barədə versiyalar irəli sürürlər. Rusiyada azərbaycanlılardan ibarət Milyarderlər İttifaqının fəaliyyətə başlaması, bu ittifaqın üzvü Ramazan Abdulatipovun Dağıstana başçı gətirilməsi, Rusiyanın Dağıstana hərbi qüvvə toplaması, milyarder Söyün Sadıqovun Azərbaycana ilişik bəyanatlar verməsi... Sizcə, bütün bu faktlar nədən xəbər verir?

-Danmaq mümkün deyil ki, Rusiyanın Cənubi Qafqaz bölgəsində böyük maraqları var. Rusiya bu maraqları reallaşdırmaq və eyni zamanda bu bölgədə kök salmış Qərb dövlətlərini sıxışdırıb çıxartmaq üçün ən müxtəlif və hələ ki nəticəsiz qalan addımlar atmağa cəhd edir. Bizə qarşı çoxdandır ki, düşmənçilik mövqeyi tutan Ermənistan artıq çoxdandır ki, Rusiyanın bu bölgədəki forpostuna çevrilib. Qonşu Gürcüstanda isə, mənim fikrimcə, Rusiyanın projesi olan baş nazir İvanişvili artıq hakimiyyətə gəlib. Yəqin ki, bundan sonra Rusiya Gürcüstandakı bütün maraqlarını tam şəkildə təmin edə biləcəkdir. Azərbaycan isə əvvəlki kimi bölgədə müstəqil xarici siyasət yeridən və öz müstəqilliyini qoruya bilən bir dövlət kimi çıxış etməkdədir. Azərbaycan MDB dövlətləri içində bui baxımdan xüsusilə seçilən bir kursa malikdir. Belə bir kurs isə, əlbəttə, Rusiyanın hakim dairələrini qane etmir. Rusiya hər cür vasitələrlə çalışır ki, Azərbaycanda öz təsirini dərinləşdirsin və ölkəmizin götürdüyü siyasi kursu dəyişdirməyə nail ola bilsin. Rusiya Azərbaycanı Avrasiya ittifaqına və MDB-nin gömrük birliyinə daxil etməklə müstəqilliyimizi tam şəkildə məhdudlaşdırmaq niyyətindədir. Rusiya istəyir ki, Azərbaycan israrla yürütdüyü müstəqillik xəttindən imtina edib Rusiyayönlü müstəviyə keçsin. Rusiya bunu istəyir. Həm də böyük təkidlə istəyir. Ancaq baxaq görək, Rusiya bunu edə biləcəkmi? Çünki beynəlxalq aləm var, Azərbaycanla sıx strateji əməkdaşlıqda olan Qərb dövlətləri var. Beynəlxalq normalar və beynəlxalq hüququn bəlli prinsipləri var. Bu da var ki, Rusiya hazırda dünyada yeganə güc mərkəzi deyil. Bununla belə hesab edirəm ki, Rusiya ilə münasibətlərin korlanmasına xidmət edən bəyanatlar vermək milli maraqlarımıza ziddir və belə addımlardan çəkinmək lazımdır. Bizim yanlış sözlərimiz Rusiyanın imperiyapərəst qüvvələrinin əlində bəhanəyə çevrilə bilər. Bir sözlə, dövlət müstəqilliyimizi qorumaq üçün siyasi iradə nümayiş etdirən dövlət başçımızın yanında olmalıyıq. Siyasi mövqeyimizdən asılı olmayaraq.... Dövlət müstəqilliyimizin itirilməsi hər bir vətəndaşımızın milli ruhuna ziddir və buna yol vermək olmaz. Gözləyək, görək, Rusiya Azərbaycana qarşı siyasətini daha hansı formada, hansı şəkildə müəyyənləşdirəcək. Sözümün canı budur ki, bu gün Kreml Azərbaycana qarşı təzyiqlərini açıq şəkildə ortalığa qoymur. Ancaq görünən budur ki, Azərbaycana qarşı təsir imkanlarını artırmağa çalışır. Söyün Sadıqovların dili ilə, Rüstəm İbrahimbəyovların vasitəsi ilə və eyni zamanda Əkrəm Əylislinin xətti ilə...

Unikal qəzeti