“Bu gün respublikamızda 27 Sentyabr - Anım Günü qeyd olunur. Anım Günündə  Vətən uğrunda canlarını fəda etmiş, qəhrəmanlıq göstərərək şəhid olmuş bacı və  qardaşlarımızın əziz xatirəsini böyük ehtiramla yad edirik. Tarixi Zəfərin qazanılmasında iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk. 27 sentyabr həm də tariximizdə dönüş nöqtəsidir. Azərbaycan xalqı çoxəsrlik tariximizdə ilk dəfə olaraq bu cür parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi”.

Unikal.org  xəbər verir ki,  bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan dövləti və xalqı  44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Onun sözlərinə görə, YAP nümayəndələri Anım Günü ilə bağlı II Şəhidlər xiyabanını, ulu öndər  Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər: “Düşünürəm ki, şanlı qələbəyə aparan yol 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. Məhz o dövrdən etibarən respublikamızın inkişafı, o cümlədən ordu quruculuğu istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, eləcə də informasiya blokadasının yarılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması haqq işimiz uğrunda mübarizəmizdə mühüm rol oynadı. Bilirsiniz ki, ulu öndər  Heydər Əliyevin son çıxışı da bu gün onun adını daşıyan sarayda əsgər və zabitlər qarşısında olmuşdu. Heydər Əliyev  həmin tədbirdə səhhətində problem yaranmasına baxmayaraq, Ali Baş Komandan kimi hərbçilərimizə nümunə göstərdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın, xalqımızın inkişafına və tərəqqisinə, ölkəmizin bütövlüyünə  həsr etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev də tarixi qələbədən sonra ilk olaraq ulu öndər  Heydər Əliyevin məzarını ziyarət etdi və ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi”.

Vətən müharibəsinin birinci ildönümü ilə bağlı YAP tərəfindən tədbirlər planının təsdiq olunduğunu deyən Tahiq Budaqov vurğulayıb ki, partiyanın bütün yerli təşkilatlarında noyabr ayının ortalarına qədər silsilə tədbirlər davam edəcək: “Bu gün isə Yeni Azərbaycan Partiyasının 27 Sentyabr- Anım Gününə həsr olunmuş böyük konfransı keçiriləcək. Konfransın sonunda bəyanat qəbul olunacaq”.