27 sentyabr Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Unikal.org xəbər verir ki,  “Azərsu”ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zəfər tarixinə nəzər salaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən uzun illər həllini tapmamış və aparılan danışıqlar nəticəsiz qalmışdır: “2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin  qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endirmişlər.

Vətən müharibəsində “Azərsu” ASC kollektivinin üzvləri də səfərbər olunub. Ümumilikdə 188 əməkdaşımız müharibədə iştirak edib, onlardan 3  nəfəri şəhid olub, 23 nəfəri isə yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivimizin 21 nəfərinin ailə üzvü şəhid olub, 45 ailə üzvü isə yaralanıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub  və onlardan 1 nəfər  xidməti vəzifəsini  yerinə yetirərkən yaralanıb”. 

Azərbaycan Su Təsərrüffatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov bildirib ki,  Vətən müharibəsində şəhid olmuş əməkdaşların ailələri, qazilər, xüsusilə döyüşlərdə yaralananlar daim diqqət mərkəzində olub, onlara hər zaman maddi və mənəvi dəstək göstərilib. 

Şəhid Məzdək Eyvazlının atası Əli Eyvazlı və şəhid Niyaməddin Sultanzadənin atası Hüsaməddin Sultanov müharibənin ağrı-acılarla yanaşı xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.  

Daha sonra “Azərsu”ASC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Ramil Səmədov, Nicat Məmmədov və Mirhəmzə Ağamalızadə döyüş xatirələrini danışıb və qeyd olunub ki, döyüşlərdə iştirak edən əməkdaşlarımızın qəhrəmanlığından kollektivimizin hər bir üzvü qürur hissi keçirir. 
Tədbirdə qeyd olunub ki, Vətən müharibəsi şəhidlərinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların qəhrəmanlıqları unudulmayacaq. Azərbaycan dövləti bütün dövrlərdə olduğu kimi, bundan sonra da şəhid ailələrinin və qazilərin problemlərinin həllinə xüsusi diqqət göstərəcək.