Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadəsini davam etdirən şahid, Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayev bildirib ki, D.Əliyeva 141 və 145 saylı binalar barəsində məlumatı olmayıb: "Həmin binalar ilə bağlı razılaşma alınmasından xəbərim olmayıb. Mən sərəncam alandan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının tapşırıqlarını icra etmişəm. Mən yalnız layihələrə baxmışam, söküntü işləri mənlik deyildi. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərliyi mən həyata keçirirdim. Mən yalnız layihələrə baxmışam. Başqa işlərə başqa şöbələr nəzarət edirdi. Mən icraçıyam. Başqa işlər mənlik deyildi".

Şahid deyib ki, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan 1ay sonra memarlıq idarəsi Dövıət Arxitektura və Şəhərsalma Komitəsinə verilib: " Dedilər ki, həmin müddətdə rəhbərlik Rasim Quliyevə verilib".

Rasim Quliyev isə bildirib ki, həmin vaxt Memarlıq və Şəhərsalma Baş İdarəsinə Akif Abdullayev rəhbərlik edirdi: "Mən heç vaxt Baş idarəyə rəhbərlik etməmişəm. Akif Abdullayev desin ki, kimə tabe idi".
Şahid qeyd edib ki, Rasim Quliyevin tikinti ilə bağlı imzaladığı sərəncam imzalaması yadımda deyil: "Sərəncam imzalananda mənə məsləhət eləmirdilər. Dilarə Əliyeva 145 ünvanında eskiz layihəsində və layihədə çatışmazlıqlar var idi. Mərtəbə hündürlüyü, sıxlıqla bağlı çatışmazlıqlar var idi".

Sualları cavablandıran Akif Abdullayev deyib ki, aşkar olunan çatışmazlıqlarla bağlı aidiyyəti qurumlara məlumat verib: "Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı gəlib araşdırdı və problem qismən aradan qaldırıldı. Sonra layihə qəbul olundu. Bütün sənədlər Memarlıq şöbəsinə göndərilirdi, mən də təsdiqləyirdim. Layihəni təsdiqləyib Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim edirdim. Məndən soruşsaydılar, layihədəki problem nədir, mən problemi deyirdim, soruşmasaydı, iradları demirdim. Mən hansısa işə irad bildirə bilmirdim".

A.Abdullayev əlavə edib ki, layihə Fövqəladə Hallar Nazirliyinin Layihələndirmə İnstitutunda təsdiqlənmişdi: "Dilarə Əliyeva 145 ünvanında tarixi binanın sökülməsində məlumatım olmayıb. 2002-ci ildən Bakı şəhərinin baş memarıyam. İbtidai istintaqda Rasim Quliyevlə üzləşdirilməmişəm. 2015-ci ildə "FF 2011" tikinti şirkətinə tikinti nişanının verilməsini bilirdim. Layihə İnstitutunun layihəsini əsaslandırması rəy deyil. Onlar əsaslandırıb Bakı şəhər İcra Hakimiyyətinə təqdim edib, başçı layihəni təsdiq edib. Hacıbala müəllim Nazirlər Kabinetinin qərarına görə layihəni razılaşdırıb təsdiqləyib, qərar verib. Bunun üçün memarın rəyi lazım deyil".

Proses oktyabrın 4-də davam etdiriləcək.