Qubadlı rayonunda 27 Sentyabr-Vətən Müharibəsi şəhidlərinin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq 27 sentyabr 2021-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında, eləcə də Sumqayıt şəhər Şəhidlər Xiyabanında və Abşeron rayonu St.Sumqayıt ərazisində Vətən müharibəsi şəhidlərinin anım mərasimi həyata keçirildi. Təşkil olunmuş tədbirdə RİH-in başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərimizin yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Unikal.org xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qubadlı rayonundan Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman, şəhid Həmidov Şükür Nəriman oğlu, Alıyev Elçin Bayram oğlu, Ağayev Vüqar Əhməd oğlu və Qasımov Faiq Qaçay oğlunun məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri qoyuldu. Qeyd edək ki, Vətən müharibəsinin ilk şəhidlərindən olan Qubadlı rayon Qayalı kənd sakini Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin məzarına ziyarət zamanı vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhidlərimizin ruhlarına, şəhidlərimizin doğmalarına ali ehtiramın göstəricisidir. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Digər çıxış edənlər də bildirdilər ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

Daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimiz- Allahverdiyev Vüsal Tahir oğlu, Həsənzadə Məhəmmədəli Hörmət oğlu, Məhərrəmov Ülvi Tahir oğlu, Mustafayev Rüfət Zöhrab oğlu, İsgəndərov İlkin Camal oğlu, Abışov Sirac Abış oğlu və Rəhimli Orxan Elxan oğlunun məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri qoyuldu. Sonra Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Hal kənd tam orta məktəbinin həyətində ümumtəhsil məktəblərinin təşkil etdiyi Şəhidlərimizin “Anım günü”nə həsr olunmuş sərgi və ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda Abşeron rayonu St.Sumqayıt ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirildi. Eyni zamanda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin həyətyanı ərazilərində ağaclar və gül kolları əkildi. Ümumilikdə ağacəkmə aksiyasında 500-dən çox ağac əkildi.