Azərbaycan Turizm və Menecment Universitetində ənənəvi tədris ilinin başlaması münasibətilə sentyabrın  28-də  video konfrans formatında, sentyabrın 29-da isə 1-ci kurs tələbələri ilə əyani görüş keçirilib. 

Universitetdən Unikal.org-a  verilən məlumata görə,  onlayn görüşə ATMU-nun rektoru İlham Mədətov başda olmaqla bütün  sturuktur rəhbərləri və 300-ə yaxın tələbə qatılıb. Görüşün əvvəlində Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova iştirakçıları salamladıqdan sonra rektor İlham Mədətov yeni tədris ilinin başlaması münasibətilə ATMU ailəsini təbrik etdi və uğurlu il olmasını arzuladı.  Son iki ilin ölkə vətəndaşlarının həyatında bir çox hadisələrlə yadda qaldığını vurğuladı. Covid-19 pandemiyası səbəbindən yaranan çətinliklərlə bağlı ölkəmizdə az qala ilyarımdır ki, tədrisin onlayn formatda keçirildiyini və məlum qərarın məhz Azərbaycan xalqını bu bəladan qorumaq məqsədilə icrasının əhəmiyyətli olduğnu diqqətə çatdırdı. Universitet olaraq gözlənilən çətinlikləri önləməklə tələbələrə keyfiyyətli təhsil şəraitinin yaradılmasına xüsusi qayğı göstərildiyini qeyd etdi.  Onlayn formatda görüşün sonunda rektor İ.Mədətov– “Sabah -Sentyabrın 29-dan siz tələbələr təhsilinizi ənənəvi formada davam etdirəcəksiniz. Sizləri yenidən Azərbaycan Turizm və Menecment Universitetində görmək bizlər üçün xoşdur”-  dedi. 

Onlayn görüşdə rektor diqqətə çatdırdı ki, universitet son illərdə bir çox uğura imza atıb. Bunlara misal olaraq ATMU-nun “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına, o cümlədən Cənubi Qafqaz regionu ali təhsil müəssisələri arasında ilk dəfə olaraq eyni ixtisas proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülməsini qeyd edə bilərik. ”ATMU-nun daim dəyişən əmək bazarında uğur qazana bilən rəqabətqabiliyyətli kadrlar yetişdirmək missiyasına sadiqliyini tələbələrin diqqətinə çatdırdı. İ.Mədətov çıxışının sonunda  yeni tədris ilinin başlaması münasibətilə iştirakçıları təbrik etdi və təhsil illərində uğurlar arzuladı.  

Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov da öz növbəsində tələbələrə vətənə layiq vətəndaş kimi  təhsildə  yaxşı nəticələrə sahiblənməyi  tövsiyyə etdi. 
Video konfrans formatında görüşün sonunda tələbələrin çoxsaylı sualları universitetin uyğun struktur rəhbərləri tərəfindən cavablandırıldı.  29 sentyabr tarixində keçirilən əyani görüşdə isə rektor İ.Mədətov tələbələri universitetin strateji hədəfləri, xaricdə təhsil, təcrübə və iş imkanları haqqında məlumatlandırdı.  Mümkün fürsətlərdən faydalanmağı, tələbəlik illərindən səmərəli istifadənin önəmini izah etdi. Azərbaycanın təhsil təcrübəsində ilk dəfə olaraq həyata keçirilən ikili diplom proqramı barədə tələbələri məlumatlandırdı. Rektor ATMU tərəfindən həyata keçirilən Azərbaycan-Avstriya Turizm proqramının üstünlüklərindən detallı söz açdı. Hazırda Dövlət Turizm Agentliyinin dəstəyi ilə fəaliyyəti davam etdirilən  proqram üzrə 15 il ərzində universitet tələbələrindən  260 nəfərin iki diploma sahibləndiyini vurğuladı. “Universitet olaraq siz tələbələrdən əsas istəyimiz budur: fəaliyyət göstərəcəyiniz sahələrdə ATMU-nu təmsil etməklə bərabər, vətənimizə və xalqımıza layiqli xidmət göstərən mütəxəssislər olasınız”. 

Son olaraq İlham Mədətov tələbələri yeni tədris ilinin başlanması münasibətilə bir daha təbrik edərək, mövcud imkanlardan maksimum yararlanmağı, bilik və bacarıqlarını inkişaf etdirmələrini tövsiyə etdi.