Fitat Əliyeva: “Tərtər rayonunun Qapanlı kənd orta məktəbinin divarlarında hələ də düşmənin mənfur əməlinin izləri qalıb”

28 ildən sonra işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması təcavüzkar dövlətin barbarlığını üzə çıxartdı. 44 günlük müharibə dövründə düşmən uşaqların kütləvi toplaşdığı məkanları da raket atəşinə tutdu. Məktəblər, bağçalar mərmi yağışına məruz qaldı.

Dünən həmin məktəblərdən birində yeni dərs ilinə başlanılıb. Bu, Tərtərin keçmiş cəbhə zonasına ən yaxın kəndi olan Qapanlı kənd orta məktəbidir.

Bu gün Tərtərdə atəş səsləri sussa da müharibənin izləri hələ də qalıb. Tərtər rayonunun Qapanlı kənd orta məktəbinin divarlarında atılan mərminin izləri bu gün də qalmaqdadır. Məktəbin həyətində isə düşən mərmilərin açdığı iri çalalar var. Məktəb pəncərəsinin qırıqları bu gün də yerdədir. Bütün bunlar Ermənistan silahlı qüvvələrinin təhsil ocağını hədəfə almasının sübutudur. Müharibə dövründə məktəb erməni silahlılarının ağır artileriyasından yararsız vəziyyətə düşsə də tədris ilinə qədər qismən də olsa təmir edilib. Məktəbin direktoru Fitat Əliyeva bildirib ki, təhsil müəssisəsinin həyətinə 8-ə yaxın mərmi düşüb. Daha bir mərmi isə məktəbin idman zalına düşüb. Nəticədə məktəbin binası ciddi zədə alıb.  Onun sözlərinə görə, köhnə məktəb atılan mərmilərdən sonra tam yararsız vəziyyətə düşdüyündən, bir neçə il öncə yeni məktəb inşa olunub. Amma Ermənistan Silahlı Qüvvələri bu məktəbə də müharibə zamanı zərər vurub. F. Əliyeva deyir ki,  30 ildən sonra ilk dəfədir ki, Qapanlı sakinləri uşaqlarını heç narahatlıq keçirmədən məktəbə yola salır: “İlk dəfədir ki, bu tədris ili üzümüz gülür. Atəşkəs dövründə də həmişə dərsi narahatlıq içində keçmişik. Qorxurduq ki, ermənilərin atdığı atəş həyətdə oynayan uşaqlara dəyər... Şükür ki, başda Ali Baş Komandanımız olmaqla müzəffər ordumuz bu narahatlığımıza son qoydu. Torpaqlarımız işğaldan azad olundu. Artıq Tərtərin Qapanlı kəndi cəbhə xətində yerləşən ərazi hesab olunmur”.

Məlumat üçün bildirək ki, ötən il sentyabrın 27-dən başlayaraq, 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu artilleriya atəşinə tutması nəticəsində 18 məktəb binasına ziyan dəyib. 2 məktəb binası tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, “Human Rights Watch” təşkilatı 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın müxtəlif rayonlarında təhsil müəssisələrinə və mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərlə bağlı hesabatında da düşmən vəhşiliyi öz əksini tapıb. Hesabatda bildirilir ki,  27 sentyabr və 10 noyabr tarixləri arasında gedən döyüşlər zamanı ermənilər tərəfindən məktəblərə edilən hücumları araşdırıb. Rəsmi mənbələrə görə, belə hücumlar zamanı Azərbaycanda 54 məktəb dağıdılıb və zərər görüb. Bir sıra uşaq bağçası, incəsənət və idman məktəbləri, texnikumlar hücuma məruz qalıb. Azərbaycanın qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri döyüşlər zamanı Ermənistan tərəfindən atılan raket və ağır artilleriya zərbələrinə məruz qalıb. “Human Rights Watch” nəticəyə gəlib ki, erməni silahlı qüvvələri dəfələrlə şəhərdə mülki şəxslərin sıx məskunlaşdığı yerlərə qeyri-dəqiq, partlayıcı raket sistemlərindən hədəflərə fərq qoymadan istifadə edib və bu, qanunsuz hücumdur.

Hesabatda oktyabrın 2-si Tərtərin Şıxarx qəsəbəsindəki uşaq bağçasına, bir gün sonra şəhərin 1 nömrəli məktəbinə artilleriya hücumu edildiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, oktyabrın 5-də Tərtərin 5 saylı məktəbi də raket hücumuna məruz qalıb. Hücum zamanı məktəbin sinif otaqları dağılıb.Bundan başqa, hesabatda oktyabrın ortalarında Şıxarx qəsəbəsində yerləşən orta təhsil və musiqi məktəblərinin də oxşar hücumlara məruz qaldığı bildirilib. Təşkilat Azərbaycandakı rəsmi mənbələrə istinadla məlumat yayıb ki, noyabrın əvvəllərinə olan rəqəmə görə, təkcə Tərtərdə 14 məktəb, üç uşaq bağçası, bir peşə məktəbi dağıdılıb, 17 mülki vətəndaş erməni silahlı birləşmələrinin qanunsuz hücumları zamanı öldürülüb. “Human Rights Watch” ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də bir neçə dəfə raketlərlə hücum etdiyini hesabatda qeyd edib. Oktyabrın 5-də Gəncə şəhər 4 saylı orta məktəbə Rusiya istehsalı olan “Smerch” raketi ilə hücum olub. Oktyabrın 8-də saat 11 radələrindən “Smerch” raketi Azərbaycanın üçüncü böyük şəhəri olan Bərdədə 5 nömrəli orta məktəbin həyətinə düşüb. Hücum zamanı beş nəfər xəsarət alıb.Oktyabrın 14-ü saat 10 radələrində iki ağır artilleriya raketi Tərtərin iki kilometr uzaqlığında yerləşən Düyərli kənd məktəbinin həyətinə düşüb. Üçüncü raket isə məktəbdə beş sinif otağını yararsız vəziyyətə salıb və bütün məktəb binası yanıb. 17 oktyabr saat 01:30 radələrində “Scud-B” ballistik raketinin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atıldığı zaman 29 saylı orta təhsil məktəbi və 10 nömrəli uşaq bağçası dağıdılıb. Zərbə hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin pəncərələrini də sındırıb. Oktyabrın 19-da ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsini hədəfə alıb. Günorta saatlarında atılan “Qrad” raketi 1 nömrəli məktəbi dağıdıb. Bu məktəb 2020-ci ilin əvvəlində təmir edilmişdi. Hücum zamanı məktəbdən 100 metr məsafədə yerləşəm uşaq bağçası da ziyan görüb.

Noyabrın 2-də mənfur düşmən Ağdam rayonunun Məhrizli kəndini hədəf seçib. Səhər saat 6-da edilən hücum zamanı kəndin məktəbi dağıdılıb. Hesabatda qeyd edilib ki, bu, həmin kəndə edilən ikinci hücum olub. Birinci hücum isə oktyabrın 10-da baş verib.

Gülayə Mecid

Yazı Medianın İnkişafı Agentıiyinin maliyyə dəstəyi əsasımda hazırlanıb. 

İstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;