Əliməmməd Nuriyev: “ İctimai şuralara seçkilərdə tərəfdarların toplanması halları olur”

Dövlətdən maliyyələşən qurumlarda şəffaflığın təmin olunması üçün  ictimai nəzarətin olması vacibdir.  İctimai nəzarət ilə bağlı ölkəmizdə son illər əhəmiyyətli dönüş hiss olunur. 2013- cü ildə “İctimai iştirakçılıq haqqında qanun”un qəbulundan sonra tədricən mərkəzi, yerli icra orqanlarında ictimai şuraların yaradılmasına başlanıldı.

Son bir ildə isə bu sahədə əhəmiyyətli dönüş yaranıb. Demək olar ki, ölkəmizdə üzdə olan əksər dövlət qurumları yanında ictimai şuralar yaradılıb. Bununla belə cəmiyyətdə ictimai şuraların həmin qurumlarda ictimai nəzarəti həyata keçirəcəyinə inam çox aşağıdır. Hətta sosial şəbəkələrdə də tez-tez hansısa qurumda ictimai şuralara seçkilərin keçirilməsi müzakirə mövzusuna çevrilir. Eyni şəxslərin bir neçə qurumda ictimai şurada təmsil olunması, eləcə də ictimai şuralara seçkilərdə saxtakarlığın olması, hər qurumun özünə yaxın şəxsləri ictimai şuralara seçdirməsi ikrah doğurur. Bu sosial platformada da ciddi narazılıq doğurur.

Bəs görəsən ictimai şuraların bugünkü fəaliyyəti qənaətbəxşdirmi? Bu şuralarda təmsil olunan şəxslər ictimai maraqlardan çıxış edərək dövlət qurumları üzərində ictimai nəzarəti təmin edə bilirlərmi?

Konstitutsiya Araşdırmalar Fondunun prezidenti, bir neçə dövlət qurumu yanında ictimai şurada təmsil olunan Əliməmməd Nuriyev deyir ki, son illər ictimai şuraların yaradılması prosesinin özü belə müsbət amildir: “ Dövlət qurumları üzərində nəzarət formalarından biri də ictimai şuraların yaradılmasıdır. Qanunla mərkəzi, yerli  icra orqanlarının və bələdiyyələrin yanında ictimai şuralar yaradılmalıdır. 2020-ə qədər 11 yerli icra orqanı yanında  ictimai şura vardı. 2020-ci ilin sentyabr ayından başlayaraq Milli Fəaliyyət Planında bəndlərdən biri də ictimai şuraların yaradılması posesinin sürətlənməsi ilə bağlı oldu. Korrupsiyaya Qarşı  Mübarizə Kommisiyasının iclasında ictimai şuralarla bağlı vəzifələr müəyyən edildikdən sonra Azərbaycan prezidenti də ictimai şuraların zəruriliyini vurğulayıb. Artıq 11 icra hakimiyyəti orqanı yanında şuralar yaradılıb. İlk ictimai şura Ədliyyə Nazirliyi yanında yaradılıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT rəhbərləri ilə görüşündə bu məsələ xüsusi vurğulandı. Bununla sanki ictimai təmsilçiliklə bağlı qanunun tətbiqinə ikinci can verildi. İkinci Vətən müharibəsi dövründə ictimai şuraların yaradılmasında müəyyən fasilə olsa da, müharibədən sonra bu proses sürətlənməyə başladı. Mərkəzi icra orqanları yanında seçkilər keçirildi”.

Ə. Nuriyev deyir ki, ictimai şuralara seçkilər ədalətli, demokratik keçirilməlidir. Bununla belə Ə.Nuriyev də təsdiqləyir ki, ictimai şuralara seçkilər zamanı  bir sıra hallarda müəyyən qruplar yaranır: “ İctimai şuralara seçkilərdə tərəfdarların toplanması halları olur. Amma seçki tərəfdar toplamaqdır. Bu da insanlarda belə təəssürat yaradırdı ki, peşəkar şəxslər ora düşə bilmir. Amma bu belə deyil”.

Ə. Nuriyev onu da deyir ki, bu gün ən çox problem yerli icra orqanlarında ictimai şuraların yaradılması və ictimai nəzarətin təmin olunması ilə bağlıdır.

Həmsöhbətimiz deyir ki, ictimai şuraların yaradılması bəzi qurumların fəaliyyətində müsbətə doğru dönüş yaradır: “Məsələn, məhkəmə qərarlarının icrası istiqamətində problemlər vardı. Ədliyyə Nazirliyi yanında ictimai şuranın fəaliyyəti ilə bu sahədə xeyli problem aradan qalxdı. Bu gün ictimai şuraların fəaliyyəti həm də resurslarla bağlı olan məsələdir. Qanunla ictimai şuralar qonarar ala,  qrant ala,  tenderlərdə iştirak edə bilməzlər. Qanunvericilik bir şəxsin bir neçə qurumun yanında ictimai şurada təmsil olunmasını qadağan etmir. Bu gün elə ictimai şəxslər var ki, onlar bir neçə qurumun yanında ictimai şuraya üzvdürlər. Burada mən elə bir qəbahət görmürəm. Qanunvericiliklə də  bir şəxs  bir neçə qurumun yanında ictimai şurada təmsil oluna bilər”.

Ə. Nuriyev deyir ki, bu gün ictimai şuralarla bağlı aradan qaldırılmalı məqamlardan biri də yerli icra orqanlarında aidiyyatı olmayan insanların bu şuralarda təmsilçiliyi ilə bağlıdır. Ona görə də, Ə. Nuriyev yaxın gələcəkdə ictimai şuralarda ixtisas meyarlarının yaradılacağını söyləyir. Onun sözlərinə görə yerli icra orqanlarında tam fərqli indiqatorlar olmalıdır.

Ə. Nuriyev bildirib ki, cəmi indiyədək 17 mərkəzi, 30-a yaxın yerli icra orqanı yanında ictimai şura  yaradılıb.

Qeyd edək ki, "İctimai iştirakçılıq haqqında" qanun layihəsinə əsasən, dövlət orqanlarının fəaliyyətinə ictimaiyyətin nəzarətini təmin etmək üçün icra strukturları yanında ictimai şuralar yaradılır.  Son illər ölkədə yaradılan İçtimai Şuraların fəaliyyəti diqqət mərkəzindədir. İştimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirlməsi, dövlət siyasətinin formalşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

İctimai Şura vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, Mərkəzi və Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, bu qurumlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi məqsədilə birgə qarşılıqlı fəaliyyət göstərməlidir. Hər bir qurum əsasən öz fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə İctimai şurada seçkilər keçirə bilər. İctimai şura yaradılandan sonra fəaliyyət dövrü üzrə Tədbirlər Planını hazırlayır və plana uyğun olaraq fəaliyyət göstərir. İctimai iştirakçılara dair nəzərdə tutulan tələblər yerinə yetirilirsə eyni şəxsin bir neçə Şuraya üzv olmağı onun fəaliyyətinə təsir göstərmir.  İctimai şuralar seçki vasitəsi ilə formalaşır.

Gülayə Məcid

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu