Aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. 

Bu barədə Unikal.org-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Saat 09:00-a olan məlumata əsasən, Onlardan 11-i kişi, 10-u qadındır. 

Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

***

08:44

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Unikal.org-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır.

***

08:25

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

***

08:09

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, Mərədkan istiqamətində hərəkət olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

Seymur Əli