“İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı”.

Unikal.org xəbər verir ki, bunu “Kayrat”ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə Qazaxıstan təmsilçisi hesabı açmasına baxmayaraq, meydanı məğlub tərk edib – 1:2.

Oyunsonrası mətbuat konfransında Berdıyev fikrini bu sözlərlə davam etdirib: “Atmosfer kifayət qədər yaxşı idi. Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. “Qarabağ”ın daha yaxşı oynadığını deyə bilərəm”.

69 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarından da danışıb: “Bugünkü oyundan sonra şanslarımız daha azdır. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik”.