30 mart 2021-ci il tarixdə Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.

Yasamal rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, şəhər sakini Vüsal Səmədov tanışları Abit İsmayılov və Əmrah Əhmədov ilə idarə etdikləri avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələrin olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında onlardan avtomobili saxlamaları tələb edilmiş, lakin sonuncular idarə etdikləri avtomobili polis əməkdaşlarının olduğu avtomobillərə çırparaq oradan qaçmağa cəhd göstərmiş, həmçinin öz xidməti vəzifəsini icra edən polis əməkdaşının üzərinə avtomobili sürərək ona qarşı müqavimət göstərmişlər.

Avtomobilə baxış keçirilərkən oradan külli miqdrada müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.
Abit İsmayılov, Vüsal Səmədov  və Əmrah Əhmədov Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin müvafiq qərarları ilə həbs və ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər  Məhkəməsinə göndərilmişdir.