"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra iqtisadiyyatında kəskin pisləşmə müşahidə olunur. Ölkə iqtisadi böhran vəziyyətindədir. BMT və digər beynəlxalq qurumlar təqribən 1 milyon uşağın aclıqdan öləcəyini istisna etməyib. 

Unikal.org xəbər verir ki, artıq başqa çarələrinin olmadığını, buna məcbur olduqlarını bildirən ailə əlacsızlıqdan körpə qızını 500 dollara (təxminən 850 manata) tanımadığı kişiyə satıb.

 "Digər uşaqlarım acından ölürdü, ona görə də qızımı satmalı olduq. Kaş ki, qızımı satmağa məcbur olmayaydım", deyə uşağın anası deyib. 

Qızın atası isə zibil yığmaqla ailəni dolandırdığını, lakin bundan heç nə qazanmadığını deyib: 

"Acından ölürük. Hazırda evdə un, yağ yoxdur. Heç nəyimiz yoxdur. Qızımın gələcəyinin necə olacağını bilmirəm. Amma mən bunu etməli idim".

"Uşağı alan adam indiyə qədər 500 dolların yarısından çoxunu ödəyib. Bu, bir neçə ay ailəni idarə edəcək. Adam uşaq ilə evlənəcəyini deyib, amma heç kim olacaqlardan əmin deyil".