Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən xəbərə görə, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar:

"Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısnın müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün 500 manat miqdarında maddi yardım göstərilmiş, 900 manatlıq ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT fondu tərəfindən 2500 AZN ödənilmişdir. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə 1000 manat məbləğində maddi köməklik göstərilmişdir". 

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. Hazırda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan Məmmədova Vüsalə Gülbala qızının vəziyyəti kafidir.