Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Gəncə şəhərinə səfər edib.

Unikal.org xəbər verir ki, səfər çərçivəsində Amerikalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı səfir Li Litzenberqerə Gəncə şəhərinin tarixi, mədəniyyəti, iqtisadi potensialı barədə ətraflı məlumat verilib. Niyazi Bayramov qeyd edib ki, tarixi İpək yolu üzərində yerləşən Gəncə sənaye sahəsində inkişaf etmiş şəhərlərdəndir. Tarixən elm və mədəniyyət mərkəzi hesab edilən şəhər müxtəlif illərdə bir sıra beynəlxalq layihə, festival və titullara ev sahibliyi edib. Söhbət zamanı şəhər rəhbəri Gəncə ilə ABŞ arasında olan əlaqələrdən də söz açıb.

Səmimi qəbula görə öz minnətdarlığını bildirlən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer, Gəncədə olmaqdan məmnunluq ifadə edib. Gəncə şəhərinə səfərinin məqsədindən söz açan amerikalı diplomat, burada bir sıra görüşlər keçirəcəyini bildirib.

İki günlük səfər zamanı səfir Li Litzenberqer Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinin üzvləri ilə görüşüb. O, İB-in nəzdində “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzi”nin fəaliyyəti ilə tanış olub. Sığınacaqda müvəqqəti məskunlaşmış qadın və uşaqların həyat şəraiti, onlara göstərilən xidmətlərin keyfiyyəti ilə maraqlanıb.

Xarici diplomat bu gün Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət layihəsi” çərçivəsində təşkil olunan təlimə də qatılıb. O, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində keçirilən təlimdə məruzə ilə çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Gəncəyə səfəri çərçivəsində Nizami Gəncəvinin məqbərəsini də ziyarət edib. Səfirə dahi şair və mətəfəkkir Nizami Gəncəvinin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib.
Səfərinin sonunda KİV nümayəndələri ilə görüşən Li Litzenberqer onları maraqlandıran sualları cavablandırıb.