Oktyabrın 26-sı Ziya Bünyadov prospektində yolu kəsən qazilər bu gün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunublar. Qazilər polis bölməsində onlara qarşı kobud davranıldığını iddia ediblər. 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, qazilər məsələnin araşdırılması və profilaktik söhbət aparılması üçün bölməyə dəvət olunublar: “Bir qrup şəxs Ziya Bünyadov prospektində yerləşən “Azərenerji” ASC-yə məxsus yüksək gərginlikli xəttin mühafizə zonasının darvazasını sındıraraq orada qanunsuz tikinti aparmağa cəhd edib. Polis əməkdaşları tərəfindən onların bu əməlinin qarşısı alınıb. Bu gün həmin şəxslər məsələnin araşdırılması və profilaktik söhbət aparılması, belə hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq olunması üçün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunublar.

Onlar özləri ilə əvvəlcədən çağırdıqları dırnaqarası jurnalistlərlə birgə bölməyə gəliblər. Həmin şəxslər Polis Bölməsində qazi adına, Vətən müharibəsi iştirakçıları adına yaraşmayan, o müqəddəs adlara xələl gətirən hərəkətlər ediblər.

Biri guya ürəyi gedib yerə yıxılıb, digəri başını tutub oturub. Bu cür hərəkətlərlə əsassız hay-küy yaradaraq dırnaqarası jurnalistlərə müsahibə verərək iddia ediblər ki, guya polislər onları döyüblər. Halbuki polis bölməsidə onlara heç barmaqla da toxunan olmayıb, onlara qarşı heç ağır ifadə də işlədilməyib”.

E.Zahidovun sözlərinə görə, həmin ərazidəki torpaq sahəsinin o şəxslərə heç bir aidiyyəti yoxdur: "Ora mühafizə zonasıdır və həmin ərazidə tikinti aparmağa qanun icazə vermir. Həmin şəxslərin əsassız hay-küylərinə baxmayaraq, araşdırmalar davam edir. Bir daha bildirmək istəyirik ki, qazilərimiz bizim hər birimizin fəxridir, onların hər birinin probleminin həllinə kömək etmək bizim borcumuzdur. Amma qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Ona görə də çağırış edirik ki, müqəddəs qazi adının, müqəddəs şəhidlərin ruhuna xələl gətirən belə hərəkətlərdən çəkinsinlər”.